• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 noyabr 2020-ci il

    Vasif Adıgözəlovun yaradıcılığında yaşayan Vətən Sevgisi.

    Fakültə: Tarix-nəzərriyyə

    İxtisas: Musiqişünaslıq

    Kurs: I kurs

    Ad,Soyad: Cəfərova Mələk

    Fakültə:Fortepiano

    İxtisas: Musiqi müəllimliyi

     Kurs: IV kurs

     Ad,Soyad: Kərimova Elza

     

     Qarabağ…Uca daglar gözəli…Görkəmli alimlərin Azərbaycanın təbii muzeyi adlandırdığı möhtəşəm diyar. Kür və Araz çaylarının bərəkətli aralığında yerləşən bu diyarın tarixi olduqca qədimdir. Qarabağ öz gözəlliyi, yeraltı, yerüstü sərvətləri ilə yadellilərin diqqətini cəlb etmiş, zaman-zaman qanlı hərb meydanına çevrilmişdir. Ac qurdlar süfrəsində yağlı tikə olan Qarabağ didilmiş, əzilmiş, ancaq  sınmamış öz əzəməti ilə düşmənlərə meydan oxumuşdur. Məlumdur ki, 30 ilə yaxın müddət ərzində Qarabağımız mənfur düşmən tapdağı altında idi. Ancaq biz bu günlərdə xalqımızın, ölkəmizin yeni, şanlı tarixini yazdıq. Bu, Zəfər tarixidir!. Qarabağ yenidən doğulacaq, canlanacaq, dirçələcək. Qarabağ əsl cənnət məkanına çevriləcək!

    Azərbaycanın təbii konservatoriyası adlandırılan əfsanəvi gözəlliyə malik Şuşa, qədim muğam musiqimizin beşiyi Ağdam, şəfalı İstisuyu, qızıl yataqları ile məşhur olan Kəlbəcər, tarix boyu düşmən gülləsinə sinəsini sipər etmiş Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan,Füzuli xalqımıza neçə-neçə istedadlı musiqiçilər, görkəmli şəxsiyyətlər bəxş etmişdir.  Üzeyir Hacıbəyli, Xan Şuşinski, Bülbül(Murtuza Muxtarov), Əfrasiyab Bədələbəyli, Zülfiqar Hacıbəyov, Əşrəf Abbasov, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, İsmayıl Hacıbəyov, Süleyman Ələsgərov, Şəmsi Bədəlbəyli,  Rəşid Behbudov, Ramiz Quliyev, Fərhad Bədəlbəyli, Murad Adıgözəlov, Polad Bübüloğlu torpağın gücündən qüvvət almış yaradıcı şexsiyyətlərdir.

    Bu görkəmli şəxsiyyətlərdən danışarkən Zülfi Adıgözəlovun adını xüsusilə vurğulamaq istərdik. Bənzərsiz xanəndənin sənət ruhu, qeyri-adi istedadı övladlarına da ötürülüb. Qarabağ Muğam-ifaçılıq məktəbinin sütunlarından biri Zülfi Adıgözəlovun ailəsində dünyaya göz açan Vasif Adıgözəlov tanrının və qan yaddaşının ona bağışladığı istedad, bir də onu heç vaxt tərk etməyən əməksevərliyi sayəsində Azərbaycanın seçilən bəstəkarlarından biri kimi yaddaşlarda iz qoydu. Aldığı mükəmməl təhsilin qüdrəti, parlaq müəllimlərin işığı onu ömrü boyu müşaiət etdi. Onun şəxsiyyətində və sənətində Ü.Hacıbəyliyə xas millilik və müdriklik, müəllimi Q.Qarayevdən gələn fəlsəfi-intelektual təfəkkür əbədiləşib. Onun bir-birini əvəzləyən müvəffəqiyyətinin ardında usanmadan, gecə-gündüz çalışmaq dayanırdı. Oğlu, dirijor Yalçın Adıgözəlov verdiyi müsahibələrin birində qeyd edir: “ Atam axşam saatlarından səhərədək royal arxasında ifa edər, çalışardı. Biz-qardaşım Toğrul və mən musiqi sədaları altında yuxuya gedərdik.’’

    Vasif Adıgözəlovun musiqisində Azərbaycan xalqının milli qüruru öz əksini tapır. Bu qürur millətə, vətənə sevgidən, əsil-nəcabətdən, yüksək ziyadan irəli gəlir. Onun xalq musiqi nümunələrinə əsaslanmış, məzmunca milli vətənpərvər ruhda olan əsərləri musqi fondumuzun ən qiymətli xəzinələrindəndir. Vasif Adıgözəlovun yaxın dostu, professor Hamlet İsaxanlı onu xatırlayarkən deyir: “ Vasif müəllimdə qeyri-adi Vətən sevgisi var idi. Bu sanki onun əsərlərinə də hopub. Onların mərkəzində məhz Vətən, xüsusilə Qarabağ həsrəti dayanır ”. Bu barədə Yalçın Adıgözəlov qeyd edir: “ Biz atamın yaradıcılığına 90-cı illərdən sonra nəzər saldıqda orada bir dənə də olsun həyatsevər,  pozitiv ruhlu bir əsər görmürük. Teymur Elçin ilə Qarabağdan qayıtdıqdan sonra o bu hadisələrdən çox sarsılmışdı. Mən atamı həyatım boyunca belə görməmişdim. Atam, Süleyman əmi (Ələsgərov) bu dərdlə yaşaya bilmirdilər. Və oradan qayıtdıqdan sonra bəstələnən “Qarabağ Şikəstəsi”, “Şuşam lay-lay”, “ Qəm Karvanı”, “Çanaqqala”, “Üçüncü Konsert”, Rəfiq Zəkanın sözlərinə “Odlar Yurdu” məhz bu qəbildəndir”.

    Şair Teymur Elçinin sözlərinə yazılmış “Qarabağ Şikəstəsi” oratoriyası aparıcı, solistlər, xor və simfonik orkestr üçün yazılmışdır. Yeddi hisssəli geniş xor epizodları, simfonik fraqmentlər, bitkin vokal nömrələrən ibarət bu əsər xalqımızın düçar olduğu dəhşətli fəlakətə bəstəkarın etiraz səsi, onun ürək agrılarıdır. Vasif Adıgözəlov oratoriyanın partiturasını solo tar ifasını daxil etmişdir.Kulminasiyada xorun ifasında səslənən muğam Azərbaycanın, Qarabağ torpağının möhtəşəmliyini təcəssüm edir.

    Vətənpərvərlik, mübarizlik mövzusunu davam etdirən bəstəkar 1998-ci ildə Türk xalqının qəhrəman oğlu Atatürkün yadelli işğalçılarla mübarizəsinə həsr edilmiş “Çanaqqala” oratoriyasını bəstələyir. 1999- cu ildə bəstəkar 20 Yanvar şəhidlərinə həsr olunmuş “ Qəm Karvanı” oratoriyasını yaradır. Oratoriyanın intonasiya ifadəliyində xalq musiqisinin janr xüsusiyyətlərindən  istifadə olunmuşdur. Əsər rekviyem xarakteri daşıyır. Mübarizə mövzusu ətrafında birləşmiş bu əsərlər bir-birlərini bir növ tamamlayırlar. Bu əsərlərin hər biri insana böyük vətən duyğusu, hissləri aşılayır. 

    Vasif Adıgözəlov Azərbaycan musiqisini yaşadan, milli ənənələri davam etdirən böyük sənətkardir.Tarix bizi Vasif Adıgözəlovdan uzaqlaşdırdıqca zaman onun bir sənətkar kimi milli-mənəvi varlığımız,mədəniyyətimiz üçün əhəmiyyətini dönə-dönə təsdiq edir. Yazı işimizin sonunu Vasif Adıgözəlovun Ramiz Duyğunun sözlərinə bəstələdiyi “Şuşam lay-lay” mahnısının sətrləri ilə bitirmək istərdik.

    Şuşam yağı əlində

    Səsim yetməz Şuşaya

    A lay-lay Şuşam lay-lay  ...

     Ruhunuz şad olsun, Əziz Vasif Adıgözəlov! Səsimiz artıq Şuşaya yetir!

     

    İstifadə olunmuş ədəbiyyat siyahısı:

    1. İmruz Əfəndiyeva - Axtarış Yollarının Bəhrəsi. Bakı-2014
    2. Sevinc Rzayeva – Vasif Adıgözəlov Vətən Sevgisi. Bakı-2017
    3. Zemfira Abdullayeva -Azərbaycan Musiqi Ədəbiyyatı. Bakı-2009