• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 noyabr 2020-ci il

    Musiqimizin Bül-Bülü

    Adı: İradə

    Soyadı: Məlikova

    İxtisası: Musiqişünas

    Kursu: I

    Mövzunun adı: Musiqimizin Bül-Bülü

     “Xalq bir çox xüsusiyyətləri ilə tanınır. Bunlardan ən yüksəyi mədəniyyətdir.” Ulu öndərimiz bu fikirləri Azərbaycan xalqı haqqında söyləmişdir. Doğrudan da, yüksək mədəni irsi ilə seçilən xalqımız nəinki öz ölkəmizə, hətta bütün dünyaya mədəni töhfələr bəxş etmişdir. Mədəniyyətin dəyərli sahəsi olan musiqi Azərbaycanı bir çox ölkələrdə tanıtmışdır. Hər bir xalqın musiqi irsində olduğu kimi, Azərbaycan xalq musiqi irsi də başlıca olaraq, vokal, instrumental və vokal-instrumental musiqidən ibarətdir.Azərbaycanda milli vokal sənətinin elmi-praktiki inkişafı vokal məktəbinin banisi Bülbülün adı ilə bağlıdır. Millətin musiqi təfəkküründə, səs yaddaşında əbədi iz qoymuş Bülbül əsl novator sənətkar kimi adını tariximizə silinməz hərflərlə həkk etmişdir. Sənətkarın yaradıcılıq yoluna nəzər salsaq, onun bu mükəmməl istedadının uşaq vaxtlarından özünü büruzə verdiyini görərik. Bülbülün cazibədar quş səsini xatırladan ecazkar səsini ilk dəfə məhz Şuşada eşidib valeh olublar və balaca Murtuzanı “Bülbül” deyə çağırıblar. Uşaq yaşlarından bir çox xalq mahnılarını və muğamları ustalıqla ifa edən Bülbül artıq gənc ikən kamil və savadlı xanəndə kimi Qafqazda, habelə Azərbaycanın digər mədəniyyət mərkəzləri olan Gəncə, Tiflis, İrəvanda məhşurlaşır. 17 yaşlı xanəndənin opera səhnəsində ilk debütü Gəncədə, M.C.Əmirovun “ Seyfəl-Mülük” operasında, özü də qadın rolunda baş tutmuşdur. Gənc sənətkar buna qəlbən çox etiraz etmiş olsa da, səhnə sənətinə hədsiz meyil və maraq onu bu işdən çəkindirməmişdi. Bülbülün opera müğənnisi kimi fəaliyyəti isə 1920-ci ilin sonunda Bakıya, Azərbaycan Dövlət Opera Teatrına dəvət olunması ilə daha da genişlənir. O, böyük uğurla Ü.Hacıbəylinin “Əsli və Kərəm” operasında Kərəm rolunda çıxış edir və elə dahi bəstəkarla dostluğunun möhkəm təməli də məhz bu illərdə qoyulur.

     Yeniliyə olan hədsiz maraq 23 yaşlı xanəndəni tələbə qismində yeni açılmış Azərbaycan Dövlət Konservatoriyasına gətirir və o, tamamilə yeni və fərqli oxuma tərzi – belkanto vokal texnikasını mənimsəmək üçün gecə-gündüz çalışır. Onun ən böyük arzusu belkanto sənətinin beşiyi İtaliyaya, Milan şəhərinə getmək idi. Sənətkarın heç bir işin ağırlığından qorxmayıb geri çəkilməməsi sayəsində o, ən böyük arzusunu Konservatoriyanı bitirdikdən sonra gerçəkləşdirməyi bacarır. İtaliyada nüfuzlu pedaqoqlardan aldığı dərslər, qüdrətli opera ifaçılarını böyük səhnədən canlı sürətdə eşitmək, onların məşqlərində iştirak etmək Bülbülün əsl opera müğənnisi kimi formalaşmasında həlledici rol oynadı. Təhsilini başa vurduqdan sonra o, böyük arzularını gerçəkləşdirmək üçün vətənə, canı qanı ilə bağlı olduğu doğma yurduna qayıdır.

    Bülbülün vətənə geri dönməsiylə Azərbaycan vokal sənətinin inkişafında yeni mərhələ başlanır. XX əsrin 30-cu illərində rəngarəngliyi ilə diqqəti cəlb edən musiqimizdə yenilikçi hərəkatın ən fəal üzvlərindən biri olan Bülbül vətənimizdə konsertlər verir, opera tamaşalarında çıxış edir, çətin müsabiqələrə qatılır, konservatoriyada vokal sinfi aparır, öz bilik və ifa təcrübələrini elmi məruzələrində bölüşür, xalq musiqisinin toplanması üzrə ekspedisiyalara rəhbərlik edirdi. Bu əhəmiyyətli fəaliyyətlərin içərisində Bülbülün konsertləri xüsusi maraq mərkəzində idi. Dahi sənətkar çox yaxşı anlayırdı ki, yalnız əcnəbi opera repertuarı, xarici bəstəkarların mahnı və romansları ilə azərbaycanlıların ürəyinə yol tapmaq müşkül məsələdir. Məhz bu səbəbdən o, cəsarətlə xalq mahnılarına üz tutaraq milli təfəkkürümüzdə kök salmış incilərimizə sözün əsl mənasında yeni həyat verir. Beləliklə də, Bülbül Avropa oxuma texnikasını Azərbaycan milli musiqisində tətbiq etmiş ilk sənətkar kimi musiqi tariximizə daxil olur.

     Azərbaycan musiqisində opera kimi miqyaslı janrın, habelə miniatür vokal janrının təşəkkülü və inkişafında Bülbülün rolu əvəzolunmazdır. O, dahi bəstəkarımız Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında İbn səlam rolunu, “Əsli və Kərəm” operasında Kərəm rolunu, “Koroğlu” operasında Koroğlu rolunu, “Arşın mal alan” operettasında Əsgər rolunu, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Qərib rolunu, R.Qliyerin “Şahsənəm” operasında Qərib rolunu, M.Maqomayevin “Nərgiz” operasında Əliyar rolunu çox böyük uğurla ifa etmiş, eləcə də Üzeyir bəyin “Sənsiz” və “Sevgili canan” qəzəl-romanslarının, Asəf Zeynallının “Ölkəm” və “Sual” romanslarının ən mükəmməl və bənzərsiz ifaçısı kimi yaddaşlara yazılmışdır.

     İllər keçsə də Bülbül xalqımızın təfəkküründə, qəlbində yaşamağa davam edir. Artıq dahi sənətkarın doğma diyarı, Qarabağımızın vuran ürəyi Şuşamız düşmən tapdağından azad edilmişdir. İnanırıq ki, gələcəkdə bu torpaq neçə-neçə Bülbüllər yetişdirəcəkdir.

     

    İstifadə olunmuş ədəbiyyat: Bülbül biblioqrafiya

    Müəllif: Lalə Hüseynova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor