14 noyabr 2019-cu il
14 noyabr 2019-cu il tarixində Bolqarıstanın Stara Zaqora şəhərində Gənc şeypur ifaçılarının 10-cu beynəlxalq müsabiqəsi keçirilib.
Müsabiqədə Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya, Niderland, İtaliya, Şimali Makedoniya, Rusiya, Almaniya, Xorvatiya və Ukraynadan nümayəndələr təmsil olunub. İştirakçılar 4 yaş qrupu üzrə mübarizə aparıblar. Müsabiqədə iştirakçıların çıxışı məşhur musiqiçilərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilib.
Ölkəmizdən gənc ifaçılar hər il Stara Zaqora şəhərində keçirilən bu müsabiqədə fəal iştirak edirlər. Müsabiqədə Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Musiqi məktəbinin, Qara Qarayev adına 8 nömrəli Musiqi Məktəbi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri ölkəmizi layiqincə təmsil edərək diplomlarla təltif olunublar. Qeyd edək ki, Bakı Musiqi Akademiyasının tələbəsi Cabir Əliyev III yerlərə layiq görülüb. Eyni zamanda Böyük teatrın solisti, P.İ.Çaykovski adına Moskva Dövlət konservatoriyasının baş müəllimi, Əməkdar müəllim Andrey İkov tərəfindən keçirilən ustad dərsin iştirakçısı olub.
Nəzərinizə çatdırmaq istərdik ki, Gənc şeypur ifaçılarının beynəlxalq müsabiqəsi 1995-ci ildən keçirilir. İlk olaraq milli əsasda başlayan müsabiqə 4-cü buraxılışdan etibarən xarici iştirakçılar üçün açıq elan edilərək beynəlxalq status alıb. Ənənəvi olaraq müsabiqə laureatları və jürinin, eləcə də Stara Zaqora Dövlət Opera Orkestrinin konserti ilə başa çatıb. Cari il müsabiqə yaradılmasının 25, beynəlxalq müsabiqə kimi 10 illik yubileyini qeyd edir.