22 iyun 2019-cu il
Müsabiqə qalibləri üçün ustad dərsləri
Mədəniyyət nazirliyi tərəfindən keçirilən uşaq musiqi məktəbi şagirdlərinin və gənc ifaçıların xalq çalğı alətləri üzrə IV respublika müsabiqəsinə yekun vurulmuş və qaliblər müəyyən olunmuşdur. Müsabiqə 3 yaş qrupunda və 7 ixtisas – tar, kamança, balaban, qanun, saz, qarmon və nağara ixtisasları üzrə keçirilmişdir. Bakı, Sumqayıt və Xıradalan regionlarını əhatə edən iştirakçılardan Bülbül adına orta ixtisas musiqi məktəbinin, Milli konservatoriya nəzdində incəsənət gimnaziyasının, Q.Qarayev adına incəsənət məktəbinin, C.Hacıyev adına 3 №-li UMM-nin, Ə.Bakıxanov adına 6 №-li UMM-nin, H.Sarabski adına 7 №-li UMM-nin, gözdən əlil uşaqlar üçün 38 №-li UMM-nin, 5 №-li UMM-nin, L.və M.Rastropoviçlər adına 21 №-li onbirillik musiqi məktəbinin, M.Maqomayev adına 26 №-li onbirillik musiqi məktəbinin, Sumqayıt şəhər musiqi kollecinin, Xırdalan şəhər onbirillik musiqi məktəbinin şagirdləri müsabiqənin qalibi olmuşlar.
Bu münasibətlə iyunun 22-də, Ü.Hacıbəyli adına BMA-nın kiçik zalında müsabiqənin münsiflər heyətinin sədri, Xalq artisti, Dövlət mükafatı laureatı, Ü.Hacıbəyli adına BMA-nın “Azərbaycan şifahi ənənəli musiqisinin problemləri və onun yeni istiqamətlərinin tədqiqi: Akustika və orqanologiya” elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, professor Ramiz Quliyevin və elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin birgə təşəbbüsü ilə müsabiqə qalibləri üçün ustad dərsləri keçirilmişdir.
Bu tədbir müsabiqə qalibləri ilə görüş, yekun konsertinə hazırlıq, qalib şagirdlərin konsert qarşısında son dinləyişi məqsədini daşımışdır.
Tədbirdə münsiflər heyətinin üzvləri, musiqi məktəblərinin müəllimləri, qalib şagirdlər və onların valideynləri, BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Nuridə İsmayılzadə açmışdır. O, çıxışında istedadlı uşaqlara dövlət qayğısı və dəstəyi haqqında ətraflı məlumat vermiş, istedadlı şagirdlərin aşkar olunmasında müsabiqənin əhəmiyyətini vurğulamış, uğurlu nəticələrə görə münsiflər heyətini, şagirdləri və musiqi müəllimlərini təbrik etmişdir. N.İsmayılzadə vurğulamışdır ki, müsabiqənin təşkilində və onun obyektiv nəticələrində görkəmli tar ifaçısı və pedaqoqu, professor Ramiz Quliyevin böyük əməyi vardır.
Daha sonra Ramiz Quliyev çıxış edərək, müsabiqənin qaydaları, gedişatı, məqsədi, əhəmiyyəti və yekunları haqqında məlumat vermiş, qalibləri, onların müəllimlərini və valideynlərini təbrik etmiş, səmimi arzularını bildirmişdir.
Əməkdar incəsənət xadimi, tanınmış kamança ifaçısı və müəllimi, elmi-tədqiqat laboratoriyasının məsləhətçisi, professor Arif Əsədullayev öz çıxışında belə müsabiqələrin ifaçılıq sənətinin gələcəyi üçün əhəmiyyət kəsb etdiyini bildirdi. O, qaliblərə qiymətli tövsiyələrini verdi, onlara çətin sənət sınaqlarında öz yollarını və üslublarını tapmağı, muğam sənətinə və ifaçılığa məsuliyyətlə yanaşmağı, daim öz üzərlərində işləməyi tövsiyə etdi.
BMA-nın elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Ariz Abduləliyev müsabiqənin təşkilində Mədəniyyət nazirliyinin və tədbirin keçirilməsində elmi-tədqiqat laboratoriyasının xüsusi rolunu vurğuladı. Bildirdi ki, belə tədbirlər xalq çalğı alətləri üzrə ifaçılıq sənətinin, milli alətlərin yaşamasını təmin edir. Bugünkü tədbirin Ü.Hacıbəyli adına ali təhsil müəssisəsində təşkil olunması hamımız üçün gözəl rəmzi məna daşıyır. Belə ki, milli alətlərin tədrisində və təbliğində bu müqəddəs sənət ocağının mühüm tarixi əhəmiyyəti olmuşdur. Bu gün də Ü.Hacıbəylinin adını daşıyan sənət ocağında belə gözəl ənənələr yaşayır.
Tədbirdə yekun konsertin proqramı əsasında qalib şagirdlər tərəfindən Azərbaycan, Avropa, rus bəstəkarlarının əsərləri, muğam nümunələri ifa olundu. Onların hər biri üçün professor R.Quliyev tərəfindən ustad dərsi aparıldı, əsərlərin ifa tərzi, bədii və texniki məziyyətləri, aplikatura, konsertmeysterlər ilə ansamblın əldə olunması haqqında dəyərli məsləhətlər verildi.
A.Abduləliyev