• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 iyun 2021-ci il

    “Eternity” (əbədilik) musiqi albomu ictimaiyyətə təqdim olunub

    Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncamını əsas götürərək, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə hazırlanmış “ETERNITY” (Əbədilik) musiqi albomu ictimaiyyətə təqdim olunub.

    Layihənin rəhbəri Türkiyədə yaşayan həmyerlimiz, Mimar Sinan Güzel Sanatlar Universitetinin doktorantı, musiqiçi Vüqar Qurbanov, musiqi redaktoru Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov, prodüseri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının xarici tələbələrlə iş üzrə şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov, dizayneri isə Səbinə Rəhimzadədir.

    Azərbaycan dili, tarixi və mədəniyyətinin təbliği baxımından olduqca aktual olan layihədə, Azərbaycanın dahi şəxsiyyəti və böyük şairi Nizami Gəncəvinin sözlərinə Üzeyir Hacıbəyli, Əfrasiyab Bədəlbəyli, Ağabacı Rzayeva, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Sevda İbrahimova, Gülnaz Abdullazadə, Ceyhun Allahverdiyev, Dilşad Əliyeva tərəfindən bəstələnmiş mahnı-romanslar yer almışdır.

    Albomun üz qabığında Nizami Gəncəvinin siması əks olunub, içərisində isə dahi şair, həmçinin ifalar haqqında ingilis dilində məlumat yerləşdirilmişdir.

    Musiqi albomunda tanınmış vokal ifaçılarından, Azərbaycan Respublikasının Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər Fəridə Məmmədova, Anar Şuşalı, İlham Nəzərovun ifalarında bir birindən dəyərli musiqi nümunələri lentə alınmışdır. İfaçıları fortepianoda Xalq artisti Ülviyyə Hacıbəyova, həmçinin Dilşad Əliyeva, Svetlana Əhmədova, Təranə Məmmədova, Ülviyyə Kazımova, Bəbir Bəbirli müşayiət etmişdir. XXI əsr Azərbaycan vokal məktəbinin nümayəndələrinin ifasında həmin romanslar incə zövqlə, yüksək peşəkarlıqla səsləndirilmiş və onların qəlbləri oxşayan ifalarında Nizami poeziyasının gözəlliyi, dərinliyi öz bütünlüyü ilə əks olunmuşdur.