16 yanvar 2018-ci il
“Azərbaycan şifahi ənənəli professional musiqinin və onun müasir istiqamətlərinin öyrənilməsi” elmi-tədqiqat laboratoriyasında seminar.
Yanvar ayının 16-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 1 №-li “Azərbaycan şifahi ənənəli professional musiqinin və onun müasir istiqamətlərinin öyrənilməsi” elmi – tədqiqat laboratoriyasında “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi – tədqiqat laboratoriyası seminar təşkil etdi.
Seminarda laboratoriyada düzəldilmiş dörd alət – yaylı rübab, yaylı qopuz, ay – ulduz kaman, çanaq kaman adlanan alətlər təqdim olundu. Filosof Əbu Turxan söyləyib: “Biz nəyi qurmuşuqsa, öncə qurulmuşların üzərində qururuq”. Bəli, məhz bu alətlər də qədim qopuz, kamança alətlərinə əsaslanaraq düzəldilmişdir. Hər bir alətin quruluşunda, diapazonunda, tembrində qədim alətlərlə bağlılıq və yaxınlıq hiss olunmasına baxmayaraq, yeniliklər də göz önündə idi. Bu yeniliklər alətlərin düzəldilməsində istifadə olunan materiallarda, səslənmədə, dizaynda öz əksini tapırdı.
Seminarda çıxış edənlər “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Qafarova Maya , alətləri düzəldən, usta Yaqubov Musa, ifaçı Mərkəz Şuşalı idi. Humanitar Kollecin müəllimi Mərkəz Şuşalı xalq mahnıları və muğamlar ifa edərək , alətlərin səslənməsini seminar iştirakçılarına təqdim etdi.
“Azərbaycan şifahi ənənəli professional musiqinin və onun müasir istiqamətlərinin öyrənilməsi” elmi – tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İsmayılzadə Nuridə, aparıcı elmi işçilər Süleymanova Ruqiyyə, Ramazanov Rüfət, böyük elmi işçilər Bayraməlibəyli Nərminə, Abduləliyev Ariz, Rzayeva Mehparə, elmi işçilər Nəsirova Fidan, İsmayılova Elmina, Hüseynova Nərminə, Bayramova Nigar və başqaları seminarda iştirak edirdi.
Nuridə İsmayılzadə və digər seminar iştirakçıları tərəfindən suallar və tövsiyələr verildi, fikir mübadilələri aparıldı. Suallar dolğun cavablandırıldı və tövsiyələrin gələcəkdə nəzərə alınacağı söylənildi.
Yeniliklər, axtarışlar hər zaman olub və olacaq. Lakin tarixdə nəyin qalacağını Ulu öndər Heydər Əliyevin söylədiyi kimi “Tarix həmişə hər şeyi öz yerinə qoyar”.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı, Azərbaycan şifahi ənənəli professional musiqinin və onun müasir istiqamətlərinin öyrənilməsi elmi laboratoriyasının elmi işçisi.
Könül Əhmədova