• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 sentyabr 2017-ci il

    Alim Qasımov haqqında yazılmış “Muğamın meracı” kitabının təqdimat mərasimindən qısa xülasə

    Beynəlxalq Muğam Mərkəzində sentyabrın 27-də sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Şifahi ənənəli Azərbaycan musiqisinin təbliği və yeni istiqamətlərinin tədqiqi elmi laboratoriyasının aparıcı elmi işçisi Lətifəxanım Vaqif qızı Əliyevanın “Muğamın meracı” adlı kitabının təqdimatı oldu. Kitab dünyaca məşhur muğam ifaçısı, Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli Alim Qasımova həsr olunub. Təqdimatda Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, görkəmli mədəniyyət və incəsənət xadimləri, Alim Qasımovun ailə üzvləri, tanışları, doğmaları və media nümayəndələri iştirak edirdi.


    Tədbir A.Qasımovun ifasında musiqisi Kamal müəllimə, sözləri isə Baba Vəziroğluna aid olan “Xatirədir” adlı mahnının səslənməsi fonunda maraqlı slayd ilə başladı. Slaydda kitabdakılara qısaca nəzər saldıqdan sonra , tədbirin bədii hissəsini şair, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Paşayev (İlqar Fəhmi) apardı. İlk öncə söz Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə verildi. Nazir sənətkarı təbrik etdikdən sonra Cənab Prezidentin sərəncamı ilə təltif edilmiş “Şərəf” ordenini Alim Qasımova təqdim etdi. Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, əməkdar incəsənət xadimi, muğam bilicisi Aqil Məlikov, Azərbaycan Respublikasının əməkdar artisti, görkəmli tarzən Vamiq Məmmədəliyev, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Nizami Cəfərov, nəğməkar şair Vüqar Əhməd çıxış edərək, sənətkarın mürəkkəb və maraqlı sənət yolu haqqında xatirələrini və ürək sözlərini söylədilər. Aqil Məlikov, Hüseyn Məlikov, Abgül Mirzəliyev, Məmməd Nəcəfov, Fəxrəddin Salimin ifaları tədbiri daha da rəngarəng etdi. Tədbir müəllif Lətifəxanım Əliyevanın çıxışı və Alim Qasımovun səmimi sözləri ilə yekunlaşdı.


    KİTABA BİR NƏZƏR
    Alim Qasımov yaradıcılığını bir kəlmə ilə ifadə etmək üçün merac sözündən gözəl bir kəlmə tapmaq zənnimcə mümkün deyil. Kitabı oxumamışdan öncə kitabın adı bütünlüklə Alim Qasımov yaradıcılığını ehtiva edir. Alim Qasımov yaradıcılığı o qədər yüksəkdədir ki, dinlədikcə sanki insanı göylərə ucaldır və fəlsəfi bir aləmə aparır. Bu yüksəlmədə həm Azərbaycan muğamı, həm qəzəli, həm də Alim Qasımov səsinin ecazkarlığı, mükəmməl, təkrarsız ifası, virtuozluğu və improvizasiyası durur. “Muğamın meracı” kitabının ilk səhifəsində - “Alim Qasımov sənətinin gizli çalarları haqqında düşüncələr (13+1)” qeyd olunub. On üç müsahib - Alim Qasımov, Vasim Məmmədəliyev, Firəngiz Əlizadə, Ağaxan Abdullayev, Aqil Məlikov, Əbdül Mahmudbəyov, Rasim Balayev, Hacı Fuad Nurullayev, Siyavuş Kərimi, Fəxrəddin Salim, Aydın Talıbzadə, Zabit Nəbizadə, İlqar Fəhmi və Lətifəxanım Əliyeva. Müsahiblər müəllifin maraqlı suallarını dolğun cavablandıraraq , Alim Qasımovun həm şəxsiyyəti, həm yaradıcılığı, bir sözlə sənətkarın dühası haqqında məlum və qeyri - məlum fikirlərini bildiriblər. Alim Qasımov yaradıcılığının açıqlanmasının bir başqa maraqlı tərəfi də kitabdakı ictimai – siyasi xadimlərin, filosofların, şairlərin və mütəfəkkirlərin, musiqiçilər və bəstəkarların fikirləri, qəzəlləri və aforizmləridir. Əlbətdə, Alim Qasımov kimi böyük bir sənətkar haqqında yüzlərlə kitab yazmaq olar. Məhz müəllif Lətifəxanım Əliyevanın kitabın sonunda Alim Qasımov yaradıcılığına konseptual yanaşmasını təqdim edib ki, bu, gələcək yazarlar üçün gözəl ideya və konsepsiyadır.