6 oktyabr 2017-ci il
Oktyabr ayının 6-sı Bakı Ekspo Mərkəzində 11-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2017” sərgisinin açılış mərasimi olub.
Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov çıxış edib. Məlumat verilib ki, oktyabrın 8-ə kimi davam edəcək sərgi arzu edən hər kəs üçün istər ixtisas, istərsə də təhsil yeri üzrə geniş seçim imkanı yaradan unikal platformadır.
Bu sərgi ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgidir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir. Qeyd edək ki, 11-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi "İnsan kapitalı sərvətimizdir" devizi altında təşkil olunub.
Sərginin 2-ci günü Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Sabah” qrupunun II kurs tələbələrinin çıxışı baş tutub. Belə ki, tələbələr – Hüseynov Orxan, Əmişov Əli, Kərimli Qəmər və Rzayev Bahadurun ifasında konsert proqramı dinləyicilərə təqdim olunub. Musiqi proqramında Y.Haydn “Kvartet” və O.Zülfüqarov “Muğam” kompozisiyası səsləndirilib.