6 oktyabr 2017-ci il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bakı şəhəri T.Həsənov adına 23№-li tam orta məktəb arasında Memorandum imzalanıb.
6 Oktyabr 2017-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bakı şəhəri T.Həsənov adına 23 №-li tam orta məktəb arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Bu əməkdaşlıq haqqında Memorandum hər iki təhsil ocağı arasında elmi və mədəni əlaqələrin inkişafı və genişləndirilməsi məqsədi daşıyır.
Tədbirdə şagirdlərin musiqi, bədii-estetik və incəsənət sahələrində biliklərin genişləndirilməsi üçün müştərək mədəni tədbirlərin təşkili, Azərbaycan musiqi tarixinin və mədəni irsin öyrənilməsi üçün şəraitinin yaradılması, bununla yanaşı bir sıra tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunub.
23№-li tam orta məktəbdə keçirilən tədbir Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konsert proqramı ilə davam edib.
Belə ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylinin, prorektorların, dekanların, professor-müəllim və şagird heyyətinin iştirakı ilə keçirilən konsertdə Gənclər Kamera Orkestri və Bakı Musiqi Akademiyasının tələbələri və məzunları Azərbaycan və Xarici bəstəkarların əsərlərinə müraciət edərək rəngarəng musiqi nömrələri ilə çıxış edib.
Konsert Gənclər Kamera Orkestrin ifasında (dirijor: Azərbaycan Respublikasının əməkdar artisti Fuad İbrahimov) Aqşin Əlizadənin “Cəngi” kamera əsəri ilə başlayıb. Daha sonra Gənclər Kamera Orkestrin ifasında (Qara Qarayev - “2 rəqs”, Fikrət Əmirov - “1001 gecə” baletindən Şəhrizadın bayramı, V.A.Motsart - “Divertisment” I hissə, Astor Piazzolo - “Fuqa-misterio”, Niyazi - “Qaytağı”) əsərləri səslənib. Bununla yanaşı Bakı Musiqi Akademiyasının Beynəlxalq müsabiqələr laureatları konsertdə maraqlı musiqi nömrələri ilə (Fərhad Bədəlbəyli - “İthaf”, Niyazi - “Arzu”, Antonio Vivaldi - “İlin fəsilləri” konsertindən Yay, E.Kurtis - “Parlami D’Amore”, Tofiq Quliyev - “Sevgi valsı”, Müslüm Maqomayev - “Azərbaycan”) çıxış ediblər.
Beləliklə Bakı Musiqi Akademiyasının tələbələri və Gənclər Kamera Orkestrinin iştirakı ilə keçirilən konsert zalda əyləşən bütün dinləyicilərin dərin marağına səbəb olub.