20 noyabr 2026-cı il
20 noyabr – Ağdam şəhəri günü
Otuz illik erməni işğalından azad olunmuş Ağdamı ilk görən insanlar onu müasir dövrümüzün Xirosiması adlandırmışdılar. Yol boyu tamamilə dağıdılmış evləri, viran qoyulmuş yaşayış məskənlərini seyr etdikcə mənfur düşmənin törətdiyi dağıntıların, xalqımıza vurduğu maddi və mənəvi zərərin miqyasının nə qədər böyük olduğunun şahidi olduq. Vaxtilə bu torpaqlarda şən, firavan həyat hökm sürürdü. Qarabağ bölgəsində dünyaya gəlmiş Qədir Rüstəmov, Əbülfət Əliyev, Ramiz Quliyev, Arif Babayev kimi yüzlərlə tanınmış musiqiçi müxtəlif el şənliklərində, konsertlərdə öz sənətlərini nümayiş etdirir, xalqımızın zəngin musiqi ənənələrini yaşadırdılar.
İndi isə otuz illik işğaldan sonra Ağdam yenidən dirçəlir. Şəhərin hər yerində genişmiqyaslı tikinti-quruculuq və bərpa işləri sürətlə davam etdirilir.
Müasir dövrün tələblərinə uyğun inşa edilmiş Ağdam Muğam Mərkəzi öz əzəməti və memarlıq görkəmi ilə diqqəti cəlb edirdi. Burada böyük konsert zalının, sərgilərin təşkili üçün nəzərdə tutulmuş xüsusi guşələrin, incəsənətin müxtəlif növləri ilə məşğul olmaq üçün yaradılmış çoxsaylı işıqlı və geniş otaqların mövcudluğu bu məkanın gələcəkdə bütöv bir bölgənin mühüm musiqi-mədəniyyət mərkəzinə çevriləcəyinə inam yaradırdı. 20 noyabr tarixi Ağdamın işğaldan azad olunduğu gün kimi tariximizə daxil olmuş və bu əlamətdar tarix müxtəlif mühüm mədəni hadisələrlə yadda qalmışdır.Sevindirici haldır ki, həmin tədbirdə Bakı Musiqi Akademiyasında respublikamızda ilk dəfə yaradılmış elmi-tədqiqat laboratoriyasının fəaliyyəti çərçivəsində ənənəvi çalğı alətlərimizlə yanaşı, qədim musiqi alətlərimiz də nümayiş etdirilirdi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təklifi və Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin tapşırığı əsasında ənənəvi çalğı alətlərimiz olan tar, kamança və sazla yanaşı, laboratoriyamızın emalatxanasında təkrar bərpa edilmiş qədim musiqi alətlərindən rud, rübab, çəqanə, çəng, çoğur, Şirvan tənburu və qopuz da xüsusi ayrılmış guşədə nümayiş etdirilirdi. Bu məqsədlə elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə flsəfə doktoru, dosent Nuridə İsmayılzadə və emalatxananın ustası Musa Yaqubov Ağdama ezam olunmuşdular.
Qeyd etmək lazımdır ki, sərgidə nümayiş etdirilən qədim musiqi alətləri həm yaşlı nəslin nümayəndələrinin, xüsusilə də yeniyetmə və uşaqların böyük marağına səbəb oldu. Alətlərin bərpası, tarixi və xüsusiyyətləri haqqında verilən məlumatlar dinləyicilər tərəfindən maraqla qarşılanır, diqqətlə dinlənilirdi. Sərgi iştirakçıları alətlərin yaranma tarixi, adlarının mənşəyi, onların haradan və hansı mənbələr əsasında toplandığı, hazırlanmasında hansı ağac növlərindən istifadə edildiyi, eləcə də istehsal texnologiyası və bərpa üsulları ilə bağlı çoxsaylı suallar ünvanlayırdılar.
Həmin sərgidə əsas məqsədimiz bu məlumatları geniş ictimaiyyətə çatdırmaq, nümayiş olunan musiqi alətlərinin Azərbaycan xalqına məxsus milli-mədəni irsin ayrılmaz tərkib hissəsi olduğunu göstərməklə yanaşı, onların bir qisminin digər türk xalqlarının musiqi mədəniyyətində də istifadə edildiyini diqqətə çatdırmaqdan ibarət idi.
Ağdam Şəhəri Gününə həsr olunmuş tədbirlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə uşaqların Qarabağa həsr olunmuş müxtəlif mövzularda rəsmlər çəkməsi ilə başladı. Həmin gün Ağdam Muğam Mərkəzində Azərbaycanın tanınmış musiqiçilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olundu. Burada Xalq artisti Nəzakət Teymurova, əməkdar artistlər Teyyar Bayramov, Sabuhi İbayev, Sevinc Sarıyevanın, rəqs kollektivlərinin və istedadlı uşaqların çıxışları tədbirə xüsusi rəng qataraq onun yüksək bədii səviyyədə yekunlaşmasını təmin etdi.
Tədbirlərdə Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini, xalq artisti Murad Hüseynov, Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər iştirak edirdilər.
Belə tədbirlərin işğaldan azad olunmuş ərazilərdə mütəmadi olaraq keçirilməsi mədəniyyətimizin yüksək səviyyəsini nümayiş etdirməklə yanaşı, geniş ictimaiyyətin klassik sənətə, xalq yaradıcılığına və muğam sənətinə cəlb olunmasına da mühüm töhfə verir.
Beləliklə, Ağdamda keçirilən bu tədbir yalnız bir əlamətdar tarixin qeyd olunması deyil, həm də işğaldan azad edilmiş torpaqlarda mədəni həyatın bərpasının, milli-mənəvi dəyərlərə qayıdışın və tarixi irsimizin gələcək nəsillərə ötürülməsinin parlaq nümunəsi kimi qiymətləndirilə bilər.
Ü.Hacıbəyli adına BMA-nın
elmi-tədqiqat laboratoriyasının müdiri,
sənətşünaslıq üzrə fəlsəfə doktoru,
dosent Nuridə İsmayılzadə


