12 sentyabr 2026-cı il
Şüvəlanda Bakı musiqi folklorunun izi ilə
Azərbaycan xalqının şifahi ənənəli yaradıcılığı mədəniyyətimizin misilsiz sərvətidir və onun tədqiqi hər zaman öz aktuallığını qoruyub saxlamaqdadır. Bu məqsədlə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Gülnaz Abdullazadənin müraciəti əsasında, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə, Elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin təşəbbüsü ilə həyata keçirilən “Bakı musiqi folkloru” adlı layihə çərçivəsində 12 sentyabr 2026-cı il tarixində Şüvəlan kəndinin ziyalıları və seçilən, sayılan insanları ilə görüş keçirilib.
Layihənin əsas məqsədi Bakı kəndlərinin zəngin musiqi folklorunun, xalq yaddaşında yaşayan adət-ənənələrin, mərasim və bayram nümunələrinin toplanması, araşdırılması və gələcək nəsillərə çatdırılmasıdır. Bu baxımdan Şüvəlanda keçirilən görüş yalnız mədəni tədbir deyil, həm də mühüm elmi-tədqiqat və folklor ekspedisiyası xarakteri daşıyırdı.
Görüşü Elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə açaraq “Bakı musiqi folkloru” layihəsinin məqsəd və vəzifələrindən danışdı. O, Bakı kəndlərinin hər birinin özünəməxsus folklor yaddaşına malik olduğunu, bu yaddaşın yaşlı nəslin xatirələri və canlı söyləmələri vasitəsilə öyrənilməsinin mühüm elmi əhəmiyyət daşıdığını vurğuladı. Qeyd edildi ki, xalqın musiqi mədəniyyətini yalnız yazılı mənbələrdən deyil, həm də həmin mühitin canlı daşıyıcılarından öyrənmək vacibdir.
Görüşdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat laboratoriyasının əməkdaşları – sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli, Azərbaycan Respublikasının xalq artisti, dosent Zümrüd Məmmədova, elmi işçi Bəsdi Kazımova, elmi işçi, doktorant Nigar Bayramova iştirak edirdilər.
Şüvəlanın folklor yaddaşının öyrənilməsi zamanı kənd sakinləri ilə aparılan sual-cavablar xüsusi maraq doğurdu. Söhbətlər zamanı kənddə toy, nişan, xınayaxdı mərasimləri, gəlin gətirmə adətləri, bayramlar və müxtəlif xalq mərasimləri haqqında məlumatlar əldə edildi.
Görüş zamanı Şüvəlan kəndinin sakinləri öz xatirələrini, müşahidələrini və nəsildən-nəslə ötürülən məlumatları bölüşərək kəndin folklor-mədəni mühiti haqqında ətraflı məlumat veriblər. Görüşdə Şəfiyev Məmməd – ağsaqqal, Atayev İntiqam Ağahəci – təşkilatçı, Əbdüzadə Fail Yavər oğlu – şair, Quliyeva Xatirə – müəllim, Şərifova Lətifə – qarmon ifaçısı və müəllim, Haşımova Sevil –müəllim, Mirzəyev Əliyağa Sabir oğlu – təqaüdçü, mədəniyyət işçisi Səttarov Zakir Mirzə oğlu – kənd sakini, Natiq Qəzənfəroğlu – bəstəkar, Hacı Talib Babayev – ağsaqqal və Fayis Şamil – skripka ifaçısı iştirak ediblər.
Görüş zamanı Ruhulla Axundov adına Mədəniyyət Evinin də xüsusi rolu qeyd olunaraq, həmin Mədəniyyət Evinin müdiri Afət İbrahimovanın iştirakı tədbirin ictimai-mədəni əhəmiyyətini daha da artırdı.
Belə görüşlər zamanı əldə olunan şifahi məlumatlar gələcək elmi araşdırmalar üçün qiymətli materialdır.
Şüvəlanda keçirilən görüş bir daha göstərdi ki, Bakı kəndlərinin hər birinin özünəməxsus musiqi-folklor xəritəsi mövcuddur. Bu xəritənin üzə çıxarılması, ayrı-ayrı kəndlərdə qorunub saxlanılan musiqi nümunələrinin, toy və mərasim ənənələrinin, xalq oyunlarının, rəqs havalarının və instrumental ifaçılıq üslublarının araşdırılması Azərbaycan folklorşünaslığı və musiqişünaslığı üçün mühüm elmi əhəmiyyət daşıyır.
Ü.Hacıbəyli adına BMA-nın
elmi-tədqiqat laboratoriyasının elmi işçisi,
doktorant Nigar Bayramova

