4 mart 2026-cı il
Yaradıcılıq və İlham. Bəstəkar Azər Hacıəsgərli ilə müsahibə: “Mən öz yoluma inandım və seçdiyim istiqamətdə davam etdim”.

Gənc, lakin artıq öz sözünü deməyi bacarmış, özünəməxsus dəst-xətti ilə seçilən bəstəkar, səs rejissoru və pedaqoq Azər Hacıəsgərli müasir Azərbaycan musiqi məkanında diqqət çəkən simalardandır. O, teatr, kino və akademik musiqi sahəsində bir çox layihələr üzərində işləyir. Eyni zamanda, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” kafedrasında, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərir, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının musiqi hissəsinə rəhbərlik edir və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin musiqi redaktoru vəzifəsində çalışır. Yaradıcılığında klassik musiqi ənənələrini müasir texnologiyalar və fərqli janrlarla uzlaşdıran Azər Hacıəsgərli, gənc bəstəkarlara ilham verən müəllim və daim öz üzərində çalışan musiqi mədəni irsimizin parlaq nümayəndələrindəndir. Onun yaradıcılığında ənənə ilə yeniliyin vəhdəti, milli intonasiyaların fərdi bədii təfəkkürlə sintezi aydın hiss olunur. Ən başlıcası isə, zəngin istedadına və parlaq uğurlarına rəğmən, öz sadəliyini itirməyən, qəlbi isti və daxili bütövlüyünü qoruyan imanlı bir insan olaraq qalır.
Qısa zaman ərzində formalaşmış mövcud yaradıcılıq yolu Azərin musiqiyə münasibətini, estetik baxışlarını və sənət prinsiplərini daha yaxından tanımağa əsas verir. Onun əsərlərində səmimiyyət, emosional dərinlik və düşünülmüş kompozisiya həlli vəhdət təşkil edir. Bu müsahibəmizdə biz bəstəkarın yaradıcılıq dünyasına, ilham mənbələrinə və müasir musiqi haqqında düşüncələrinə nəzər yetirəcəyik.
- Bilirəm ki, musiqi Sizin ikinci təhsilinizdir, lakin buna baxmayaraq hər zaman Sizi cəlb edən və maraqlandıran sahə məhz bu sənət olub. Musiqi Sizin üçün daha çox daxili ehtiyacdır, yoxsa şüurlu seçim?
- Açığını desəm, bunu nə yalnız daxili ehtiyac, nə də sırf şüurlu seçim kimi dəyərləndirə bilərəm. Həyatımda müxtəlif seçim imkanlarım olub. İlkin olaraq Bakı Mühəndislik Universitetinin “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” fakültəsini bitirmişdim və həmin sahədə davam edə də bilərdim. Lakin nədənsə yolumu musiqi sənəti istiqamətində seçdim. İlk musiqi təhsilimi violin üzrə başlayaraq, sonradan bəstəkarlıq ixtisasına yönəldim. Bu seçim asan olmadı – mübarizə apardım və sonadək musiqidə qalmağa çalışdım. Hətta kino və teatr musiqisinə müraciət etdiyim zaman ətrafımda bu sahənin inkişaf etmədiyini, “ölü sahə” olduğunu deyərək məni fikrimdən daşındırmağa çalışanlar da oldu. Ancaq bütün bunlara baxmayaraq, mən öz yoluma inandım və seçdiyim istiqamətdə davam etdim.
- İlk bəstənizi yazarkən hansı hissləri keçirmişdiniz və bu gün o hisslər dəyişibmi?
- İlk əsərimi yazarkən elə düşünürdüm ki, bundan əvvəl belə bir əsər demək olar ki, olmayıb və tamamilə yeni bir söz deyirəm. İnsan yaradıcılıq yolunun ilkin mərhələsində özünü daha güclü hiss edir, gələcəyin böyük yaradıcısı olacağına inanır.
Lakin zaman keçdikcə bu hisslər dəyişir. Dünya musiqisini daha yaxından tanıdıqca, zəhmətin və sənət yolunun çətinliklərinin fərqinə vardıqca anlayırsan ki, əslində öyrənəcəyin çox şey var və hələ bilmədiklərin bildiklərindən qat-qat artıqdır. O zaman başa düşürsən ki, sən əslində heç nə bilmirsən.
Növbəti mərhələ isə daha maraqlıdır. Artıq nə özünü həddən artıq güclü sayırsan, nə də zəif. Bu düşüncələr arxa plana keçir. Əsas məqsəd özün üçün maraqlı olan yaradıcılıq təcrübəsinin müxtəlif istiqamətlərini tapmaq və bu yöndə musiqi yaratmaqdır. Bu sənətdə irəliləmək üçün özünü qiymətləndirmə amili deyil, daha çox daimi axtarış faktoru rol oynayır.
- Sizi ən çox ilhamlandıran səslər hansılardır – təbiət, şəhər, insan, duyğular?
- Balıq bürcü olduğuma görə deyə bilərəm ki, məni ən çox ilhamlandıran səs dənizin sükutu və ritmidir. Ümumiyyətlə isə realda mən daha sakit, səs-küydən uzaq mühitləri sevirəm; belə yerlərdə yaradıcılıq olduqca rahat və dərin olur.
- Məşhur Amerika bəstəkarı John Keyc suküta fəqli yanaşma göstərərək belə deyib: “Sükut mövcud deyil. Nə etsək də, səs həmişə var. Və hər var olan səslənirsə, demək hər şey musiqidir”. Bəs Sizin yaradıcılığınızda sükut hansı rolu oynayır və necə əks olunur?
- Sükut anlayışının ən dolğun izahını, məncə, John Keyc verib və bu mövzuda əlavə söz deməyə ehtiyac qalmır. Bununla belə, qeyd edə bilərəm ki, sükut mənim üçün yalnız musiqi elementi deyil, həm də daxili haldır. Qeyd etdiyim kimi, səsli, həddindən artıq gur mühitləri sevmirəm. Daha çox sakit, enerjisi bol və pozitiv olan bir çevrədə olmağı üstün tuturam. Düşünürəm ki, yaradıcılıq üçün məhz belə bir atmosfer lazımdır. Sükut mənim musiqimdə də məhz bu daxili tarazlıq və düşüncə məkanı kimi öz əksini tapır.
- Bir gün tam sükut içində yaşamalı olsaydınız, nə edərdiniz?
- Tam sükut içində olsaydım..., yəqin ki, gitara çalardım. Hazırda da boş vaxtlarımın çoxunu ifa etməyə həsr edirəm və bu mənə həm rahatlıq, həm də ilham verir.
- İlham gəlmədiyi zaman özünüzü necə motivasiya edirsiniz?
- İnsanın daxili aləmi çox qarışıq və mürəkkəbdir. Elə olur ki, həddindən artıq sakit, emosional və ya tamamilə fərqli bir ab-havada oluram. Ancaq yaradıcılıq mənim üçün təkcə daxili ehtiyac deyil, eyni zamanda peşədir.
Açığı, ilhamın gəlməsini gözləmək kimi bir “lüks”um yoxdur. Nə müəyyən emosiyanın yaranmasını, nə də xüsusi bir ruh halını gözləyə bilərəm. Məsələn, şən və əyləncəli bir proqram üçün musiqi yazmalıyamsa, həmin an o əhvalı tapmalıyam; kədərli bir mövzu üzərində işləyirəmsə, onu yaratmalıyam. Çünki sifariş varsa, iş də yerinə yetirilməlidir.
Düşünürəm ki, klassik bəstəkarların yaradıcılığında da bu prinsip mövcud idi. Məsələn, Yozef Haydn və Volfqanq Amadey Motsart hər zaman yalnız istədikləri mövzuda və istədikləri şəraitdə yazmırdılar. Onların yaradıcılığı çox vaxt sifarişlər və konkret tələblər əsasında formalaşırdı. Bu, ümumiyyətlə, bir çox bəstəkarların taleyində rast gəlinən reallıqdır.
- Musiqinizdə daha çox ürəyiniz danışır, yoxsa texniki bilikləriniz?
- Bilirsiniz, əslində elə düşünürəm ki, professional bəstəkarı fərqləndirən əsas məqam məhz bu iki amilin – daxili enerji ilə texniki biliklərin – balansıdır. Yaradıcılıqda həm ürək, həm də zəka eyni dərəcədə iştirak etməlidir. Elə insanlar var ki, daxili aləmləri olduqca zəngindir, güclü emosiyalara və enerjiyə malikdirlər, lakin texniki bilik çatışmadıqda həmin hissləri dolğun şəkildə ifadə etmək çətinləşir və bəzən bu, yaradıcı prosesin sıxıntısına da səbəb olur. Mənə görə texnika mütləqdir. Dünya musiqisini tanımaq, musiqi sistemini, kompozisiya prinsiplərini və müasir musiqi texnologiyalarını bilmək vacibdir. Yalnız bu zaman daxildə olanı peşəkar səviyyədə ifadə etmək mümkündür.
- Müşahidələrimə görə, son illər Sizin yaradıcılığınızda kino və səhnə musiqisinə geniş yer verilir. Sizcə, film musiqisi ilə akademik janrda bəstələnən əsər arasında başlıca fərq nədən ibarətdir?
- Film üçün musiqi bəstələmək tamamilə fərqli və daha mürəkkəb bir prosesdir. Təsəvvür edin ki, siz ssenarini oxumalısınız, yəni ssenaristdən asılısınız. Burada bəstəkar təkcə öz daxili dünyasına deyil, bir çox amillərə bağlı olur. İlk növbədə ssenarini dərindən mənimsəməli və onun dramaturji xəttini duymalısınız. Eyni zamanda rejissorun baxışı, estetik istəkləri, aktyor oyununun tempi, səhnələrin ritmi, hətta görüntünün rəng palitrası belə musiqinin formalaşmasına təsir edir.
Bu baxımdan film musiqisi çoxqatlı və məsuliyyətli bir sahədir. Ən vacib məqamlardan biri tamaşaçının emosional vəziyyətini düzgün hesablamaqdır. Musiqi filmi üstələməməli, eyni zamanda da onu zəiflətməməlidir. Həddindən artıq ön plana çıxarsa, dramaturgiyanı poza bilər; həddən artıq sadə və ya primitiv səslənərsə, təsir gücünü itirər.
Bəzən bu istiqamət kənardan asan görünür və bildiyimiz kimi, bir çox bəstəkarlar film musiqisinə müraciət ediblər. Lakin praktikada rejissorun istəkləri, ssenarinin tələbləri, aktyorların ritmi və vizual həllər ciddi çətinliklər törədir. Üstəlik, musiqi çox yenilikçi olduqda belə müəyyən tərəddüdlər yaranır: görəsən, bu üslub filmə uyğun olacaqmı? Çünki həm rejissor, həm də tamaşaçı müəyyən musiqi formalarına öyrəşmiş olur. Bununla belə, hesab edirəm ki, bəstəkar bütün bu çərçivələr daxilində öz dəst-xəttini qorumağı bacarmalıdır. Film musiqisi sifariş xarakteri daşısa da, yenə də müəllifin yaradıcılıq möhürü orada mütləq hiss olunmalıdır.
- Ssenarini oxuyarkən musiqini necə “eşidirsiniz”?
- Bu, ilk növbədə ssenarinin özündən asılıdır. Bəzən ssenari ilə musiqi təsəvvürü dərhal üst-üstə düşür, bəzən isə rejissorun baxışı ilə ilkin musiqi duyumu arasında fərq yarana bilər. Ona görə də düşünürəm, filmi tam hazır vəziyyətdə izlədikdən sonra musiqi yazmaq daha rahat və dəqiq olur. Çünki artıq obrazların tempi, aktyor oyunu, montaj ritmi və vizual atmosfer o zaman daha aydın görünür.
Lakin müəyyən bir rejissorla bir neçə dəfə işlədikdən sonra onun estetik dünyasına bələd olursan. Belə hallarda ssenarini oxuyarkən artıq səhnələrin ritmini, emosional tonunu və hətta musiqi həllini daxilimdə “eşitməyə” başlayıram. Yəni əməkdaşlıq təcrübəsi artdıqca, ssenaridən musiqiyə keçid daha intuitiv və təbii şəkildə baş verir.

- Tamaşa üçün yazdığınız musiqi ilə film musiqisi arasında emosional yanaşma fərqi varmı?
- Əslində, açığını desəm, film musiqisini daha çox sevirəm. Lakin teatrın da özünəməxsus, canlı və nəfəs alan bir tərəfi var. Teatr səhnəsi hər axşam dəyişir, aktyor oyunu, zalın enerjisi və ümumi atmosfer fərqli olur. Bu canlılıq bəstəkar üçün xüsusi bir emosional dinamika yaradır. Film isə tamam başqa bir müstəvidir. Orada görüntü sabitdir, dramaturji xətt artıq müəyyənləşib və musiqi daha dəqiq hesablanmış şəkildə qurulur. Teatr və filmə baxış, təbii ki, fərqlidir və hər birinin öz emosional məntiqi var. Düşünürəm ki, hər iki sahədə işləmək bəstəkar üçün olduqca maraqlı və zəngin təcrübədir. Çünki biri canlı nəfəs və ani enerji tələb edirsə, digəri daha incə psixoloji dəqiqlik və strukturu özündə ehtiva edir.
- Heç olubmu ki, bəstələdiyiniz musiqi səhnənin təsir gücünü dəyişsin?
- Əlbəttə, istənilən halda musiqi səhnənin emosional təsirini dəyişə bilir. Hətta bəzən rejissorlar bəzi emosiyaları musiqi ilə gücləndirməkdən çəkinirlər, musiqini minimum səviyyədə istifadə etməyə üstünlük verirlər, düşünürlər ki, əlavə səs filmə əks təsir göstərə bilər. Lakin film özü musiqi ilə formalaşır və musiqinin səhnədə necə istifadə olunması, nə qədər ön plana çıxması rejissora bağlıdır. Misal üçün, məşhur rejissor Andrey Tarkovskinin filmlərində musiqi çox vaxt filmin temporitmini və emosional gücünü əvvəlcədən müəyyənləşdirir. İtalyan kinematoqrafiyasında musiqi əsasən ümumi atmosferi yaratmaq, filmin sürətini və emosional gücünü göstərmək üçün istifadə olunur.
Müasir filmlərdə isə bəzən musiqi daha çox ümumi fon kimi xidmət edir, yəni səhnənin ab-havasını və insanların yaşadığı emosiyaları izləyiciyə çatdırmaq üçün verilir. Bu baxımdan musiqi həm səhnənin ruhunu, həm də tamaşaçının duyumunu formalaşdıran güclü vasitədir.
- Siz müasir musiqi texnologiyalarına maraq göstərir, onları həm yaradıcılığınızda, həm də tədris prosesində istifadə edirsiniz. Yeni üslub axtarışları, aranjiman işləri və rəqəmsal texnologiyalar yaradıcılığınıza necə təsir edib?
- Rəqəmsal texnologiyalar istəsək də, istəməsək də, musiqinin müasir dövrünün ayrılmaz hissəsidir və onlardan istifadə etmək lazımdır. Mən hesab edirəm ki, bu yanaşma yaradıcılığı yalnız müsbət istiqamətə aparır. Bəzən hələ də konservativ müəllimlərlə həmin mövzuda mübahisələrim olur. Amma mən düşünürəm ki, keçmişə qayıtsaq və Motsarta indiki müasir musiqi texnologiyalarını göstərsək, o, şübhəsiz ki, imtina etməzdi. Əksinə, çox sevinərdi ki, bir əsəri bu qədər sürətli və keyfiyyətli yazmaq, həmçinin maraqlı səslənmələrlə ifa etmək mümkündür.
- Süni intellektin musiqi sahəsində rolu barədə nə düşünürsünüz?
- İlk dəfə internet kəşf olunanda insanlar onun təsirini fərqli qavrayır və təhlil edirdilər. Daha sonra, məsələn, YouTube kanalı bəstəkarlara və yaradıcı insanlara müəyyən çətinliklər yaratdı, amma zamanla bu platforma onlara yardımçı olmağa başladı. Əlbəttə, bu mövzunu çox detallı şərh etmək olar.
Mən düşünürəm ki, süni intellekti özünüz idarə edə bildiyiniz müddətdə (nə də olsa, onu da insan yaradıb), o, yalnız köməkçi alət kimi çıxış edər. Bəzi insanlar soruşur ki, süni intellekt musiqidə nə dərəcədə yaradıcı ola bilər. Mən inanmıram ki, o birdən-birə Lüdviq van Bethoven kimi 9-cu simfoniyada xor istifadə edə bilərdi.
Məsələn, Üzeyir Hacıbəyli və Aqşin Əlizadə – onların hər ikisinin “Aşıqsayağı” əsəri var, amma hər biri fərqli tərkib üçün yazılıb və fərqli intonasiyalar üzərində qurulub, bu da onların orijinallığını göstərir. Belə ki, insanlar konsertlərə sadəcə musiqi dinləməyə gəlmirlər – onlar məhz Üzeyir bəyin, Aqşin Əlizadənin və ya digər görkəmli bəstəkarların əsərlərini dinləmək üçün təşrif buyururlar.
- Canlı orkestr və elektron səslər arasında seçim edərkən nəyə üstünlük verirsiniz?
- Mənim üçün realda böyük fərq yoxdur – canlı orkestr olsun, yoxsa elektron səslər; seçim imkanlara bağlıdır. Təbii ki, mümkün qədər canlı orkestrə üstünlük verirəm, amma onun ifası və səs yazımı həm çətin, həm də xərcli olur. Elektron səslər isə tembral olaraq maraqlı rənglər və müxtəlif imkanlar təqdim edir. Ona görə mənim üçün ən ideal yanaşma hər iki elementi birləşdirərək işləməkdir. Belə kombinasiyalar həm texniki, həm də emosional baxımdan zəngin nəticə verir və mən heç bir sərhəd qoymuram – yaradıcılıqda hər hal mümkündür.
- Texnologiyanın bu qədər inkişaf etməsi və musiqiyə, xüsusən də milli musiqimizə nüfuz etməsi bəstəkarların işini asanlaşdırır yoxsa yaradıcı insanın ruhuna mənfi təsir göstərir?
- Öncə qeyd etdiyim kimi, mən inanmıram ki, hər hansı bir dahi bəstəkara – məsələn, Bax və yaxud Bethovenə – Sibelius və ya hər hansı bir not yazma proqramını göstərsək, o, dərhal “mənə qələm və mürəkkəb daha rahatdır” deyərdi. Məncə, bu, yalnış fikirdir. Dahi bəstəkarlar da texnologiyanın inkişafından istifadə edərdilər.
Digər tərəfdən, musiqinin özü də müəyyən riyazi sistemlərə əsaslanan bir texnologiyadır və bu, qədim texnologiyadır. Hər bir bəstəkar həm musiqinin bu “təməl texnologiyasını” bilməli, həm də müasir texnologiyalardan faydalana bilməlidir. Beləliklə, bunu da danmaq olmaz ki, müasir texnologiya yaradıcılığı zənginləşdirir, ruhunu zəiflətmir, əksinə daha çox imkanlar açır.
- Aldığınız diplom və mükafatlar yaradıcılığınıza necə təsir edib?
- Mən diplom və ya mükafat üçün işləməmişəm. Əlbəttə, bəzi bəstəkarlar və rejissorlar festivallarda iştirak etmək və mükafat qazanmaq üçün çalışırlar və bunu böyük üstünlük hesab edirlər. Lakin mənim üçün mükafat və ya festival o qədər də önəmli olmayıb, baxmayaraq ki, müəyyən beynəlxalq festivallarda iştirak etmişəm.
Öz müəllimim Aydın Əzimov bu barədə çox gözəl bir fikir söyləyib: məsələn, İohann Sebastyan Bax və Lüdviq van Bethoven məhz Almaniya üçün əsərlər yazıblar, yəni İtaliya, Fransa və ya İngiltərə üçün musiqi yaratmayıblar. Belə ki, hər bir ölkənin bəstəkarı ilk növbədə öz ölkəsinin musiqi dilini, estetik və mədəni kontekstini ifadə etməlidir.

- Sizcə sənətkar üçün qiymətləndirilmək vacibdir, yoxsa anlaşılmaq?
- Çox maraqlı və dərin sualdır. Mən düşünürəm ki, bir bəstəkarın və ya rəssamın əsl qiymətini anlamaq müəyyən zaman tələb edir. Tarixdən də görürük ki, istənilən yaradıcı simanın işləri – bəstəkarın, rəssamın və ya yazıçının əsərləri – bəzən 20-50 ildən sonra tam dəyərini qazanır.
Bu nüans olduqca əhəmiyyətlidir: yaradıcı insanlar çox vaxt dövrünü qabaqlayırlar. Başqa sözlə, yazdığınız musiqi və ya yaradıcı iş həmin anda qəbul edilməyə bilər, amma zaman keçdikcə insanlar onun dəyərini anlayır. Məsələn, hələ də soruşsanız ki, Qarabağ haqqında ən yaxşı film hansıdır, çoxları Ceyhun Mirzəyevin “Fəryad” filmini deyəcək. Jorj Bizenin “Karmen” operası 50 ildən sonra tanındı. İohann Sebastyan Baxın notları isə Feliks Mendelson tərəfindən 100 il sonra tapılıb qiymətləndirildi. Rəssamlarda da bu daha çox müşahidə olunur – məsələn, Vinsent van Qoq və digər yaradıcı şəxslər timsalında. Bu baxımdan, məncə, sənətkar üçün əsas olan anlaşılmaqdır, qiymətləndirmə zamanla gəlir.
- Öz müəllimlərinizdən aldığınız hansı dərs bu gün də Sizə düzgün yol göstərir?
- Mənim üçün hər bir müəllimim özünəməxsus şəkildə dəyərli olub. Başda Arif Məlikov, Xəyyam Mirzəzadə, Aydın Əzimov, Aqşin Əlizadə və İsmayıl Hacıbəyov (onun yanına da hazırlığa getmişəm) olmaqla, daha sonra isə Ceyhun Allahverdiyev və digər müəllimlərim mənə böyük təsir göstəriblər. Bir sözlə, bütün müəllimlərimin hər bir sözü və dərsi bu gün də mənim üçün çox qiymətlidir və yaradıcılıq yolumda düzgün istiqamət göstərir.
- Uğur Sizin üçün nə deməkdir?
- Mən uğuru tərif və ya kateqoriya kimi qəbul etmirəm və ona həddindən artıq rəsmi baxmıram. Mənim üçün əsas olan, musiqinin tamaşaçıya təsirini hiss etməkdir. Hər bir ifa zamanı siz auditoriyanın reaksiyasını, onun musiqini bəyənib-bəyənmədiyini, enerjisini və emosiyalarını duyursunuz. Məsələn, ən çox sevdiyim təcrübələrdən biri son yazdığım “Bədheybət və Gözəl” uşaq tamaşasına olan musiqidir. Orada musiqinin sədaları altında uşaqların atlanıb-düşməsi, oynayıb əylənməsi mənim üçün kifayət qədər uğur və xoşbəxtlik idi. Yəni uğur, mənim üçün daha çox hiss etmək və yaratdığın musiqinin təsirini görməkdir.
- Qeyd edim ki, bəstəkarlıqla yanaşı pedaqoji fəaliyyətiniz də nəzərdən kənarda qalmayır. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” kafedrasında iş fəaliyyətinizdən söz açmağınızı istərdim. Tələbələrinizlə necə ünsiyyət qurursunuz və ilk dərslərdə onlara hansı keyfiyyətləri aşılayırsınız?
- Tələbələrimlə dərsin ilk günündə daha çox bir-birimizi tanımağa çalışırıq. Bunu aşılamaqda məqsədim odur ki, özlərindən əvvəl gələn nəsli, musiqi ənənələrini başı uca görsünlər və bəstəkarlığın nə qədər dəyərli bir sahə olduğunu anlasınlar. Mən istəmirəm ki, onlar məni problemləri olan və ya çökmüş bir insan kimi təsəvvür etsinlər. Tələbələrin ilk mərhələdə öz gələcəklərinə pozitiv yanaşmalarını dəstəkləmək çox önəmlidir.
Adətən dərsin ilk mövzusunu səs üzərində qururam. Çünki musiqiçilər notları, alətləri bilirlər, amma hər bir musiqi alətinin səsləndirmə xüsusiyyətini və fizika qanunlarını, yəni səsin mahiyyətini tam anlamırlar. Mən bu əsasları öyrətməyə çalışıram, çünki təəssüf ki, Akademiyada qeyd etdiyim məqamlar hələ də kifayət qədər dərindən öyrənilmir.
- Gənc bəstəkarların ən çox buraxdığı səhv nədir və onlara nə tövsiyə edərdiniz?
- Gənc bəstəkarların ən böyük səhvi bəzən birdən-birə həddindən artıq şöhrət və maddi istəklərin yaranmasıdır. Əslində bunun öz marketinq tərəfi, tanınma prosesi və keyfiyyətin artırılması mərhələsi var. Yaradıcı insanın məhsulunun özəlliklə keyfiyyət olaraq dəyər qazanması vaxt və zəhmət tələb edir. Lakin gənclər bu məsələlərdə çox tələsir, özlərini kifayət qədər tanıtmadan yüksək səviyyəli mütəxəssis kimi göstərməyə çalışırlar. Nəticə etibarilə, bir çoxları bu sahədən kənarlaşır və uğur əldə edə bilmirlər.
Onlara tövsiyəm odur ki, müxtəlif janr, üslub və mövzulara müraciət etsinlər, maraqlı və fərqli işlər yaratsınlar. İlkin mərhələdə əsas məqsəd özlərini inkişaf etdirmək və tanıtmaq olmalıdır. Mən inanıram ki, bu yanaşma gələcəkdə onların istədikləri uğuru qazanmasına səbəb olacaq.
- Sizcə müasir tələbə ilə əvvəlki nəsil arasında əsas fərq nədir?
- Məncə, əsas fərq öz sənətinə və ya ixtisasına yanaşmasındadır. Əvvəlki nəsil daha çox yaradıcı olmağa çalışırdı, müasir tələbələr isə işlərini daha çox maddi aspekt üzərində qururlar. Bu da normaldır və dövrün tələbləri ilə izah olunur. Artıq müasir dövrdə hər bir musiqiçi öz məhsulunu bir kapital kimi təqdim etməyi, yəni “brend” halına gəlməyi bacarmalıdır.
- Əgər musiqi sənətinə marağınız və istedadınız olmasaydı, hansı sahədə özünüzü sınayardınız?
- Düşünürəm ki, bu halda təyyarəçi olardım. Bu seçim ondan irəli gəlir ki, hər iki sənət ekstremal xüsusiyyətə malikdir. Mən daha mürəkkəb olan və böyük sınaq tələb edən peşələri hər zaman üstün tuturam.
- Öz yaradıcılığınızı bir rənglə ifadə etsəydiniz, bu hansı rəng olardı?
- Konkret bir rəng deyə bilmirəm. Notların və səslərin özlərini rənglərlə ifadə etmək mümkün olsa da, mənim üçün rənglər tam başqa bir dünyadır, səs isə tamam başqa bir dünya. Təbii ki, hər ikisinin həm gözəl, həm də mürəkkəb tərəfləri var. Gözlə gördüyümüzü şüurla qəbul edirik, amma musiqi eşitdiyimiz və yaşadığımız kimi qiymətləndirilir. Sizin emosional halınız musiqini müxtəlif cür dəyərləndirməyə imkan verir, ona görə də hər dinləyici və hər yaradıcı şəxsin yanaşması fərqli ola bilər.

- Nəzərdə tutduğunuz işlər və musiqi layihələri haqqında bəhs edərdiniz.
- Əslində konkret bir plan deyə bilmirəm, çünki bəzən fikirlər tamamilə dəyişir və yaxud tam başqa mövzuya musiqi tələb olunur. Ən böyük arzum elmi işimi müdafiə etməkdir, amma aktiv bəstəkarlıq fəaliyyətim elmi işimlə məşğul olmağıma bir qədər mane olur – bir sözlə, məqalələr yazmağa vaxt tapmaq çətindir. Təəssüf ki, bunu nəzərə alan bir sistem hələ yoxdur, lakin inanıram ki, gələcəkdə elmi işimin müdafiəsini həyata keçirəcəyəm. Eyni zamanda ən böyük arzum magistr tələbələrinə dərs demək və bəstəkarlıq sənətinin inkişafına öz töhfəmi verməkdir.
- Fikirlərinizi bölüşdüyünüz üçün Sizə minnətdarlığımı bildirirəm. Əlbəttə, yaradıcılıq hər zaman davam edən bir prosesdir. Əsas olan səmərəli işləmək, musiqini sevmək və onunla öz dünyanızı ifadə etməkdir. Uğur isə təkcə mükafat və ya tanınma ilə ölçülmür – onu tamaşaçıların, dinləyicilərin musiqinizlə yaşadığı emosiyalarında tapmaq mümkündür. Hər bir gənc bəstəkara tövsiyəm odur ki, özünü inkişaf etdirsin və hər zaman öz dəst-xəttini qorumağa çalışsın. Mən Sizə və Sizin simanızda bütün yaradıcı insanlara uğurlar, ilham və musiqi dolu günlər arzulayıram!
Söhbəti apardı
sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas
Aytən Baxşiyeva
