• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 iyun 2025-ci il 

    26 iyun tarixində Azərbaycan Xalqları ilə Həmrəylik İctimai Birliyinin “Sodrujestvo” binasında “Klassika Zamanı” adlı yeni mədəni-maarifləndirici və təhsil layihəsinin açılışı baş tutdu.  
    Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən təşkil olunmuşdur.  
    Layihənin əsas məqsədi – dünya və milli klassik musiqi irsini Azərbaycanın müasir gəncləri arasında təbliğ və populyarlaşdırmaqdır. Bu təşəbbüs birbaşa gənclərin özləri tərəfindən həyata keçirilir. Gənc musiqişünasların görkəmli bəstəkarların həyatından maraqlı bioqrafik faktlar, onların yaradıcılığının özünəməxsusluğu haqqında təqdimatları, eləcə də gənc musiqiçilərin bu dahi sənətkarların əsərlərini səsləndirməsi akademik musiqini gənc nəslə daha yaxın və anlaşıqlı etməyə xidmət edir.  
    Layihənin ilk tədbiri 2025-ci ildə yubileyləri qeyd olunan bəstəkarların – İohann Sebastyan Bax, Domeniko Skarlatti, İohann Ştraus, Pyotr Çaykovski, Moris Ravel və Polad Bülbüloğlunun – yaradıcılığına həsr olunmuşdur.  
    Bu bəstəkarların yaradıcılığı barədə məruzələr və onların musiqisi BMA-nın tələbələrinin Pakizə Mustafazadə, Əminəxanım Məmmədova, Ayşən Rəfizadə, Ayana Nəsirzadə, Aydan Nağıyeva, Dürnisə Hüseynova, Rəhimə Həmidova, eləcə də BMA-nın məzunu Ləman Qulamovanın ifasında səsləndirildi.  
    Layihənin bədii rəhbəri – sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakinadır.