2 may 2025-ci il
LOLA (Low Latency) Sisteminin Naxçıvan Dövlət Universitetində Təqdimat Mərasimi Keçirildi
2025-ci il mayın 2-də Naxçıvan Dövlət Universitetində Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası – GEANT tərəfindən dəstəklənən və EaPConnect (Eastern Partnership Connect) layihəsi çərçivəsində reallaşdırılan LOLA (Low Latency – aşağı gecikməli) audiovizual yayım sisteminin rəsmi təqdimat mərasimi keçirildi.
Tədbirin məqsədi elm, təhsil və musiqi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Azərbaycan elmi və mədəniyyətinin rəqəmsal platformalar vasitəsilə dünyaya tanıdılması, eyni zamanda Naxçıvan Muxtar Respublikasının bu prosesə fəal inteqrasiyasına dəstək göstərmək idi.
LOLA sistemi İtaliyanın GARR milli təhsil şəbəkəsi və Triestdəki Cuzeppe Tartini Konservatoriyası tərəfindən hazırlanmış və dünyanın 30-dan çox ölkəsində istifadə olunur. Sistem musiqiçilər və elm adamları arasında uzaq məsafədən real vaxtda keyfiyyətli audiovizual əməkdaşlıq imkanı yaradır.
Tədbirin moderatoru Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli idi.
Açılış nitqləri ilə çıxış edənlər:
Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev,
AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev (video çıxış),
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli (onlayn bağlantı),
GEANT Assosiasiyası və EaPConnect layihəsinin meneceri İrina Matthews (video çıxış).
Tədbirin bədii hissəsində LOLA sistemi vasitəsilə Bakı və Naxçıvan arasında sinxron musiqi ifaları həyata keçirildi. Proqram çərçivəsində çıxış edənlər:
1. Üzeyir Hacıbəyov – "Aşıq sayağı"
İfaçılar: fortepianoda Xalq artisti, professor Yeganə Axundova, skripkada Prezident mükafatçısı Cahangir Qurbanov, violençeldə Nuray Nəzərova.
2. Asəf Zeynallı – "Muğam sayağı"
Skripkada: Cahangir Qurbanov
Fortepianoda müşayiət: Yeganə Axundova
3. Luigi Arditi – “Il Bacio”
Solo: Xalq artisti, professor Gülnaz İsmayılova
Fortepianoda müşayiət: Prezident mükafatçısı Səxavət Rəhimov
4. Habil Əliyev – “Şəhla gözlüm”
Solo: Rüstəm İbrahimov
Tarda: Əməkdar artist Kamal Nuriyev
Kamançada: Əməkdar artist Toğrul Əsədullayev
Tədbirdə tərcüməçi kimi Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin müəllimi Fatimə İsmayıllı iştirak etdi.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin rəhbərliyi, İncəsənət fakültəsinin professor-müəllim heyəti və tələbələri, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nümayəndələri, Estoniya Musiqi və Teatr Akademiyasından dəvət olunan qonaqlar iştirak etdilər.
Bu tədbir Azərbaycan Respublikasının elmi və mədəniyyət sahəsində qlobal platformalara çıxış imkanlarını nümayiş etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası bu cür beynəlxalq layihələrdə iştirak etməklə milli musiqi irsinin təbliğinə və müasir texnologiyaların tətbiqinə önəm verdiyini bir daha göstərmiş oldu.