• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 – 8 oktyabr 2024-cü il

    “Fərhad Bədəlbəyli. Musiqiyə səyahət” kitabının X Bakı Beynəlxalq Kitab Sərgisində təqdimatı

     2024-cü il 2 – 8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş X Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir.

    Müxtəlif elm və mədəniyyətlərin qarşılaşdığı və qovuşduğu X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 2024-cü il 7 oktyabr tarixində Bakı Ekspo Mərkəzinin “Lütfi-zadə” təqdimat zonasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) İxtisas musiqi məktəb-studiyasının yaradıcısı və 43 il rəhbəri olmuş, Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun “Fərhad Bədəlbəyli. Musiqiyə səyahət” adlı kitabının təqdimatı keçiriləcək.

    Qeyd olunmalıdır ki, ikicildli “Fərhad Bədəlbəyli. Musiqiyə səyahət” kitabının birinci cildinin təqdimatı 2022-ci ilin 5 oktyabr tarixində Bakı Ekspo Mərkəzində nəşrin müəllifi professor Tərlan Seyidovun iştirakı ilə baş tutmuşdur. Həmin tədbirdə Tərlan Seyidov kitabın məğzi haqqında söz açaraq virtuoz pianoçu, BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinın həyat və yaradıcılığından, onların Azərbaycan musiqi mədəniyyətinin təşəkkülünə istiqamətlənən birgə layihələrindən danışmışdır.

    “Fərhad Bədəlbəyli. Musiqiyə səyahət kitabı”nın ikinci cildinin təqdimatında dünya şöhrətli pianoçu Fərhad Bədəlbəyli haqqında tanınmış simaların fikir və düşüncələri, eyni zamanda görkəmli musiqi xadiminin həyat və yaradıcılığını əks etdirən müxtəlif mətbuat səhifələrindəki yazılardan bəhs ediləcək.

    Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, BMA-nın tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, BMA-nın “Humanitar elmlər” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyev, “Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılova, BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova, Məktəb-studiyanın elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva və digərləri çıxış edəcəklər.

    İki böyük şəxsiyyət – Fərhad Bədəlbəyli və Tərlan Seyidovun vaxtilə birgə yaradıcılıq fəaliyyətləri Azərbaycan musiqi elm və mədəniyyətinin inkişafı üçün çox böyük əhəmiyyət kəsb etmişdir.