11 iyun 2024-cü il
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tanınmış pianoçu, pedaqoq, professor, Azərbaycan musiqi incəsənətində neçə-neçə istedadlı musiqiçilərin yetişməsində böyük xidmətləri olan Nigar Usubovanın (1914-1995) bu il 110 ili tamam olur.
Nigar Usubovanın tələbəsi, layiqli davamçılarından biri Azərbaycan Respublikasının Xalq artisti, tanınmış pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundovadır.
11 iyun 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında
Yeganə Axundova tərəfindən dəyərli müəllimi Nigar xanım Usubovanın xatirəsi onun tədris etdiyi 310-cu sinifdə yad edildi. Y.Axundovanın təşkilatçılığı ilə parlaq musiqiçilərin yetişdiyi doğma 310-cu sinifdə Nigar xanım həmkarları, tələbələri ilə olan xatirə şəkillərindən ibarət ekspozisiya təşkil olunmuşdur.
Azərbaycan və SSRİ-nin Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, Elmi tədqiqat və yaradıcılıq işləri üzrə prorektor, professor Gülnaz Abdullazadə, BMA-nın elmi katibi, professor Leyla Məmmədova və Nigar xanımın tələbələri - Bakı Musiqi Akademiyasının dosenti Firəngiz Hacıyeva, konsertmeyster Nuranə Qurbanova, Musiqi Kollecinin professoru Mədinə Cəbrayılova, Əməkdar İncəsənət xadimi Çingiz Cəfərli, eyni zamanda onun yaxın qohumları Minayə Osmanova, Rüstəm Qayıbov N.Usubovanın xatirəsini yad edərək, onunla bağlı xoş təəssüratlarını bölüşdülər.
Yeganə Axundova (Vaqif Mustafazadə “Mart”, Frederik Şopen “Vals”), sonra Nuranə Qurbanova (Sergey Raxmaninov “Elegiya”) Fortepiano aləti arxasında əyləşərək, əsrarəngiz ifaları ilə əvəzolunmaz müəllimlərinin xatirəsinə dərin hörmətlərini bildirdilər.