15 mart 2024-cü il
Qazaxıstan İncəsənət Universitetinin ikinci kurs magistr tələbəsi Firuza Raxmetova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi ixtisasartırma keçmişdir.
Onun elmi rəhbəri BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının dosenti Sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilbər Məmmədova təyin olunmuşdur.
F.Raxmetova iki həftə ərzində Dilbər Məmmədovanın rəhbərliyi ilə dissertasiya mövzusu ilə bağlı geniş elmi ədəbiyyatla tanış olmuş və maraqlı materiallarla öz elmi işini zənginləşdirmişdir.
İxtisasartırma müddətində həmçinin F.Raxmetova Bakının musiqili mədəni həyatı ilə də yaxından tanış olmuşdur. O, Opera teatrının balet və tamaşalarında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konsertlərdə iştirak edib, böyük təəssüratlar qazanmışdır.
İxtisasartırmanın sonunda F.Raxmetovaya sertifikat təqdim olundu.
Sertifikatın təqdimatında Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli başda olmaqla bütün professor-müəllim kollektivinə ona göstərilən qayğı, diqqət və dəstəyə görə öz dərin minnətdarlığını bildirdi.