• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 noyabr 2023-cü il

    Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının II kurs magistr tələbələrinin daha bir qrupunun Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi ixtisas artırma dərsləri yekunlaşmaq üzrədir. 

    23 noyabr 2023-cü il tarixində Bakı Musiqi Akademiyasında həmin tələbələrin iştirakı ilə maraqlı konsert tədbiri keçirildi. 

    Konsertə başlamadan öncə BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva Azərbaycan-Qazaxıstan əlaqələrindən söz açdı, neçə illərdir bu ənənələrin davam etdiyini qeyd edib, ali məktəblər arasındakı  əməkdaşlığı  təqdirəlayiq hal kimi yüksək qiymətləndirdi.

    BMA-nın Əlavə təhsil şöbəsinin müdiri, dosent Nərgiz Hüseynova da tələbələrə ürək sözlərini bildirib, fəaliyyətlərində uğurlar arzu etdi.

    İstedadlı tələbələrin çıxış etdiyi  konsert proqramına xarici ölkə və Qazaxıstan bəstəkarlarının mahnıları, eləcə də folklor nümunələri daxil edilmişdir. Qazax milli alətlərində ifa olunan  rəngarəng musiqi nömrələrindən ibarət konsert proqramı tamaşaçıların böyük marağına səbəb olaraq, gurultulu alqışlarla qarşılandı.

    Konsertdə həmçinin Əməkdar incəsənət xadimi, “İfaçılıq” fakültəsinin dekanı professor Nəzmiyyə Abbaszadə, Əməkdar müəllim, “Fortepiano” fakültəsinin dekanı, professor Nəzakət Rimazi, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev, Əməkdar müəllim, professor Leyla Məmmədova, Əlavə Təhsil şöbəsinin əməkdaşı Firudin Əliyev, BMA-nın digər müəllim heyəti və tələbələr iştirak edirdilər.

    Sonda gənc musiqiçilər Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli başda olmaqla, bütün professor müəllim heyətinə böyük diqqət və qayğı üçün dərin təşəkkürlərini bildirdilər.