• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 fevral  2023-cü il

    Rauf Bəhmənli “QARA KÜRD ZƏRB MUĞAMI” adlı yeni kitabı derc olunub.

     UNESKO tərəfindən “Dünyanın maddi mədəniyyət irsi” və “Universal mədəni irs “  siyahılarına daxil olunmuş, əsrlər boyu püxtələşmiş muğam dəstgahları, zərb-muğamlar, təsniflər, rənglər şifahi ənənəyə mənsub olaraq milli musiqi yaddaşımızı yaşadan xanəndələr , tar, kamança və saz ustadları tərəfindən bu günümüzə çatdırılmış, qorunub saxlanılmışdır.

    Xalq mahnı və rəqsləri, aşıq havaları, muğamlar hər zaman tanınmış musiqişünas alimlərimiz  tərəfindən ekspedisiya və stasionar metodlarla toplanmış, nota yazılmış və nəşr olunmuşdur.  Xalq yaradıcılıq nümunələrinin  tədqiqi, tədrisi və sistemləşdirilməsi  çağdaş dövrümüzdə  elmi  araşdirmaların da imkanlarını daha da artırmışdır. 

     Ü.Hacıbəyli adına BMA-nın aparıcı elmi işçisi, dosent Rauf Bəhmənlinin yeni ”Qara Kürd zərb muğamı” kitabı  xalq yaradıcılığı nümunələrinin toplanması, nota yazılması və nəşr olunaraq, elmi tədqiqini apararaq gənc nəsillərə miras təki bağışlana biləcək  nəşrlərdən biridir.    

        Layihə rəhbəri və ön söz müəllifi Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, redaktor Milli Məclisin  Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, məsləhətçisi Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına BMA-nın elmi işlər üzrə prorektoru,  fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, rəyçiləri Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına BMA-nın baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev və Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Malik Quliyev olan ”Qara Kürd zərb muğamı” kitabında müəllif bir zamanlar zərb muğamlar sırasında mövcud olmuş və ifa olunan, lakin müxtəlif məlum olan və olmayan səbəblərdən unudularaq yaddaşlardan silinmiş muğam haqqında məlumat verərək onu ictimaiyyətə təqdim etmişdir.

    Tədqiqatçı R.Bəhmənli “Qara Kürd zərb muğamı” kitabında əldə etdiyi muğamın hələ XVIII əsrdə digər klassik muğam və zərb-muğamlarımız kimi movcud olmasını və yüz ildən çox bir müddət ərzində isə ifa edilməyərək unudulduğunu qeyd edir. Apardığı tədqiqatlar zamanı  dinlədiyi qocaman ifaçılardan aldığı məmbələrə əsaslanan R.Bəhmənli “Qara Kürd” zərb-muğamının Mahur –Hindi muğam dəstgahı üzərində qurulmasını  və hətta vaxtıilə vokal – instrumental şəkildə ifa olunsa da, sonralar xanəndə ifasını təmamilə itirməsini qeyd edir.  R.Bəhmənli “Qara Kürd” zərb-muğamı haqqında ilk məlumatlarını 20 il öncə 2003-cü ildə əldə etməsinə baxmayaraq, məlumatları dərindən  və  elmi-praktiki  sübutlara arxalanaraq araşdırması, onun bir tədqiqatçı-alim kimi  məsuliyyətini və peşəkarlığını ön plana çəkir.  Onu da qeyd edək ki, “Qara Kürd” zərb-muğamını instrumental şəkildə əldə edən, nəzəri məlumatları araşdıran  və  notlaşdıran R.Bəhmənli bu illər ərzində muğamın xanəndə ifasını da bərpa edərək vokal-instrumental formada ictimaiyyətə təqdim etmişdir.

    Muğam sənətimizin incilərindən sayıla biləcək “Qara Kürd” zərb-muğamı yenidən yaşamaq hüququnu bərpa edərək  öz ifaçısını və mənsub olduğu doğma xalqının sevgisini gözləyir.

    Mehparə Rzayeva 

    dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi