24 noyabr 2022-ci il
Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı "Creative Spark" Birləşmiş Krallığın dəstəyilə Mərkəzi Asiya ölkələrində (Qazaxıstan, Özbəkistan, Qırğızıstan), Cənubi Qafqaz ölkələrində (Azərbaycan, Gürcüstan, Ermənistan) və Ukraynada (ümumilikdə yeddi ölkədə) biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün nəzərdə tutulan beş illik təşəbbüsdür.
Yuxarıda sadalanan yeddi ölkədə ali təhsil sahəsində aparılan islahatları dəstəkləmək və işsizlik səviyyəsinin aşağı salınmasına töhfə vermək məqsədilə biznes təhsilinin inkişafına yardımçı olmaq üçün Birləşmiş Krallığın təcrübəsindən istifadə olunur. Bununla da, proqramın birinci ilində 10 000-dən çox tələbəyə və gənc sahibkara dəstək göstəriləcəkdir.
Proqram üç əsas elementdən ibarətdir:
biznes təhsilini dəstəkləmək və biznes mərkəzləri yaratmaq məqsədilə Birləşmiş Krallıqda və proqrama qoşulan yeddi ölkədə fəaliyyət göstərən universitetlər və yaradıcılıq müəssisələri arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi;
tələbələrə və yaradıcı sahibkarlara biznes bacarıqlarının öyrədilməsi, ideyaların təqdim edilməsi, biznesin qurulması, əqli mülkiyyətin qorunması və kredit xətlərinin təmin edilməsi mövzusunda təlim paketlərinin təklif olunması;
ingilis dilini öyrənmə proqramının, rəqəmsal tədris materiallarının, o cümlədən, təlim platformalarının, onlayn kursların və geniş kütlə üçün açıq olan onlayn kursların (MOOC) sahibkarlar üçün ingilis dili səviyyəsində təklif edilməsi.
Creative Spark layihəsi çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 2019-cu ildən etibarən müxtəlif təlim və seminarlar keçirilmişdir:
1 Dekabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına BMA-nın tələbələri ADA Universitetində British Council’ın təşkilatçılığı ilə keçirilən Creative Spark layihəsinin növbəti tədbir sessiyasında iştirak etdilər. Sessiyanın məqsədi ADA Universiteti, İqtisad Universiteti, Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə Layihə çərçivəsində İş yeri və Müəssisələrin Yaradılması: Biznes Başlanğıc Səyahəti- Azərbaycan/Böyük Britaniya Layihəsi və Sahibkarlıq Bacarıqları Təlim Proqramlarınım təqdimatı olub. Bu layihə də özlüyündə Creating Enterprise: The Business Start-Up Journey- Azərbaycan/Böyük Britaniya Azərbaycan və Böyük Britaniyanın ali təhsil müəssisələri: Kent Universiteti (Böyük Britaniya), ADA Universiteti, Bakı Musiqi Akademiyası, İqtisad Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (Azərbaycan) ibarət beynəlxalq layihədir.
15 dekabr 2021-ci il tarixində BMA-nın əməkdaşları Səbinə Bəylərbəyova, Nigar Kəngərli, Nurlan Əhmədov ADA Universitetində Azərbaycandakı Britaniya Şurasının dəvəti ilə təşkil olunan Creative Spark proqramı çərçivəsində müəssisələrdə təhsilin yeniləşdirilməsi və innovativləşməsi üzrə seminarda iştirak etmişlər. Seminar çərçivəsində təlimçilər tərəfindən müxtəlif start-up lahiyələrinin yazılma qaydaları, fərqli sferalardakı karyera inkişaf metodları və özünü dərk məsələlərinə toxunulmuşdur.
24 noyabr 2022-ci il tarixində də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşları İngiltərənin London şəhərinin Greenwich Universitetində təlim və seminarlarda iştirak etdilər. Təlimlər Greenwich Universitetində biznes inkişafı mərkəzlərinin iş mexanizmləri üzərində qurulmuşdur. Bir həftə ərzində əməkdaşlarımız təlimçilər Reyçel Braun (müəssisə və innovasiya rəhbəri), Dr.Maziya Yassim (menecment və Marketinq məktəbin rəhbəru, dekan), Karl Tomas (məsləhətçi), Piter Vlaços (beynəlxalq əlaqələr üzrə təlimçi və baş müəllim) tərəfindən sahibkarlıq və biznes inkubasiyanın inkişafı üçün aparılan tədris haqqda məlumat aldılar. BMA-nın əməkdaşları üç il ərzində BMA Creative Spark layihəsi çərçivəsində aparılan işlər və nəticələr haqqda təqdimatlar ediblər. Görüşlər zamanı BMA və Greenwich Universiteti arasında məhsuldar əməkdaşlıq yaranması qeyd olynmuşdur və bu istiqamətdə Creative Spark layihəsinin xüsusi rolu vurğulanmışdır.