11 noyabr 2022-ci il
1 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup xarici tələbələrin Şuşa şəhərinə səfəri təşkil olunmuşdu.
Səfər zamanı xarici tələbələrin rol aldığı "Biz Şuşanın səfiriyik" adlı qisa-metrajli film lentə alınmışdır.
Qeyd edək ki, sənədli film Azərbaycanın 18 ali təhsil müəssisəsində təhsil alan 36 ölkədən 44 tələbənin iştirakı ilə Şuşada çəkilmişdir.
Filmin təqdimatı 11 noyabr tarixində Bakı Gənclər Mərkəzində baş tutmuşdur.
Təqdimatda Millət vəkili Vüqar İsgəndərov, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Müjdət Həsənov, "İSAY" İB-in sədri, "Biz Şuşunın səfiriyik" layihəsinin rəhbəri Eyyub Kərimli və Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi İlqar Orucov hər kəsi salamlayaraq, əməyi keçən hər kəsə təşəkkürlərini bildirdilər.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Xarici tələbələrlə iş üzrə şöbə müdiri Röya Hüseynova, Xarici tələbələrlə iş üzrə şöbənin əməkdaşı Günel Eyvazzadə və BMA-da təhsil alan əcnəbi tələbələr İran İslam Respublikasının vətəndaşı Vafa Abrişami (magistr II kurs), Türkmənistan Respublikasının vətəndaşı Nuradin Abdullayev (magistr I kurs), Rusiya vətəndaşı Gyulshad Zeynalova ( bakalavr III kurs) təqdimatda iştirak etmişlər.
Filmdə BMA-nın əcnəbi tələbələrinin iştirakı xüsusi diqqət cəlb etdi - İran İslam Respublikasının vətəndaşı Vafa Abrişaminin filmdəki müsahibəsi zamanı şəhidlərimiz haqqında bildirdiyi fikirlər tədbirin şüarına çevrilmiş və Türkmənistan Respublikasının vətəndaşı Nuradin Abdullayevin öz musiqi aləti ilə Şuşaya səfər edərkən, oradakı parlaq ifası böyük marağa səbəb olmuşdur.
Tədbirin sonunda sənədli filmə çəkilən əcnəbi tələbələrə Şuşanın işğaldan əvvəlki və hazırkı fotolarından ibarət eyniadlı fotoalbomu, həmçinin Şuşanın rəmzi hesab edilən "Xarıbülbül" nişanı təqdim olunundu.
Tədbirdə qonaq qismində Bakıxanov Rayon İcra Hakimiyyətinin, Qeyri-hökumət təşkilatlarının, Elm və Təhsil nazirliyinin, "İSAY" İctimai Birliyinin, 18 Ali Təhsil müəssisələrinin nümayəndələri, eləcə də həmin ali təhsil ocaqlarında təhsil alan digər əcnəbi tələbələr iştirak etmişlər.