• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 oktyabr 2022-ci il

    5 oktyabr 2022-ci il tarixində Bakı Ekspo Mərkəzində VIII  Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirildi. Sərgi çərçivəsində Azərbaycanın Əməkdar incəsənət xadimi, elmlər doktoru, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyasının direktoru Tərlan Seyidovun tərtib etdiyi "Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı" və "Fərhad Bədəlbəyli.

    Musiqiyə səyahət" kitablarının təqdimatı keçirildi. Nəşr olunan kitablar Fərhad Bədəlbəylinin və Məktəb-studiyasının çoxillik sıx yaradıcı əməkdaşlığının nəticəsidir.

    Sözü gedən kitablar BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasında hazırlanmış və "Şərq-Qərb" nəşriyyatında çap olunmuşdur.

    Qeyd edək ki, kitabların redaktorları Sənətşünaslıq üzrə fəlsəfə doktorları Aytən İbrahimova, Sevda Məmmədova və məktəb-studiyanın müəllimi Elmira Mustafayevadır.

    Sərginin "Üzeyir Hacıbəyli" təqdimat zonasında keçirilən tədbirdə professor Tərlan Seyidov qonaqları salamlayaraq, Fərhad Bədəlbəylinin həyat və yaradıcılığından bəhs olunan kitablar haqqında ümumi məlumat verdi. O, görkəmli pianoçu Fərhad Bədəlbəyliyə daima səhnələri fəth etməyi arzu etdi və tədbirə təşrif buyuran hər kəsə təşəkkürünü bildirdi.

    Ardınca tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə  prorektoru, Azərbaycanın Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə xanım Quliyeva, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova, kitabın redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Humanitar fənnlər" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev və kitabın nəşr olunduğu "Şərq-Qərb" nəşriyyatının rəhbəri Sevil xanım İsmayılova da öz ürək sözləri ilə çıxış edərək, T.Seyidovun usanmaz yaradıcılığını yüksək qiymətləndirdilər.

    Sonra F.Bədəlbəyli böyük zəhmətlə ərsəyə gələn kitabları təqdir edib, Tərlan müəllimə daim yazıb-yaratmağı arzulayaraq, bütün yaradıcı heyətə dərin təşəkkürünü bildirdi.

    Qeyd edək ki, çıxışlararası rəngarəng konsert proqramı dinləyicilərə təqdim olundu.

    Konsert proqramında  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Zərrin Əliyeva,  Osman Mustafazadə, Humay Hacıyeva, Ərol Rzayevin ifasında Üzeyir Hacıbəylinin "Arazbarı", Dmitri Şostakoviçin "Zarafat", Qara Qarayevin "Qızların rəqsi" və klarnet ifaçısı Rüfət Məmmədov Bela Kovaçın "Macar variasiyaları" əsərlərini dinləyicilərə təqdim etdilər.

    Sonda görüş iştirakçıları ilə xatirə şəkillər çəkdirildi.