20 noyabr 2021-ci il
Azərbaycan musiqi tarixində maarifçilik təmayülləri (XIX əsrin sonu – XX əsrin əvvəlləri)“Elm və hünərdən yadigar qoymaq yaxşıdır, nəinki mal və əmlakdan”
19-cu əsrin görkəmli mütəfəkkiri Mir Möhsüm Nəvvabın bu müdrik kəlamından göründüyü kimi elm və hünər sahibi olan insanların yaratdıqları sənət əsərləri xalqımıza mənəvi mirasdır – desək yanılmarıq. Bildiyimiz elm xadimlərinin ərsəyə gətirdikləri bu mənəvi miras xalqımıza böyük bir töhfədir. Böyük fəxrlə demək olar ki, məhz bu yaxınlarda belə elm xadimlərindən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi və işıq üzü görən monoqrafiyasını xüsusilə qeyd etmək lazımdır.
Monoqrafiya Ü.Hacıbəyli adına BMA-nın Elmi Şurasının 28 aprel 2021-ci il tarixli qərarına əsasən çap olunmuşdur. Kitabın elmi redaktoru Elm və yaradıcılıq işləri üzrə prorektor, f.e.d., əməkdar incəsənət xadimi, professor G.Abdullazadə, elmi rəyçilər isə sənətşünaslıq elmləri doktoru, əməkdar incəsənət xadimi, professor İ.Əfəndiyeva və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent R.Süleymanova olmuşlar.
4 fəsil və 8 bölmədən ibarət olan kitabda XX əsrin əvvəllərində Bakıda keçirilən qastrol konsertlərin peşəkar musiqi təhsilində inkişafı, 1900-1907-ci illəri əhatə etmiş Avropa və Rusiya musiqiçilərinin Bakıya qastrol səfərləri, böyük alqışlarla keçən bu konsertlərin Azərbaycan dinləyiciləri tərəfindən xüsusi rəğbətlə qarşılanmasından ətraflı məlumatlar verilir. Burada klassik musiqiyə olan marağın artması, peşəkar musiqi təhsili verən kursların, məktəblərin açılması, Rusiya Konservatoriyasının müəllimlərinin Bakıda pedaqoji fəaliyyətləri də işıqlandırılmışdır. Bununla yanaşı dahi bəstəkarımız Üzeyir bəyin ilk bütün Şərqdə yaradılan operasının təşəkkülü və səhnəyə qoyulması haqda məlumatlar verilir. Bunu da qeyd etmək lazımdır ki, əldə olunan bütün tarixi mənbələr arxiv materiallarına əsaslanır. Bununla yanaşı dövrü mətbuatda dərc olunan məqalələrə istinadən verilmiş materiallar təhlil olunaraq oxuculara təqdim olunmuşdur. Məhz onu da qeyd etmək yerinə düşərdi ki, XX əsrin sonlarında Şuşada və Bakıda keçirilən bu konsertlərin, musiqi axşamlarının nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda da məşhurlaşmaşı vurğulanır. Bu “Şərq konsertləri”ndə, “Müsəlman axşamları”nda xalq musiqisinin, aşıq musiqisinin təqdimatına geniş yer verilməsi xüsusilə qeyd olunur. XX əsrin əvvəllərində maarifçilik hərəkatı və onun inkişafı, dövrü mətbuatın səhifələrində Azərbaycanda milli operanın yaranması və səhnəyə qoyulmasında “Nicat” cəmiyyətinin rolu və Azərbaycan musiqili teatrının fəaliyyəti, “Nicat” maarifçi cəmiyyətinin Üzeyir bəyin operasının səhnəyə qoyulmasında xüsusi rəyi, ümumiyyətlə, cəmiyyətin fəaliyyətinin Azərbaycan mədəniyyətindəki rolu haqda məqalələr dərc olunmuşdur. Bununla yanaşı həm də bir çox maarifçi cəmiyyətlərinin fəaliyyəti və “Z. və Ü. Hacıbəyov qardaşları müdiriyyəti” təşkilatının da musiqi mədəniyyətmizdəki inkişafı işıqlandırılmışdır. Belə ki, Bakının musiqi həyatında baş verən əsas hadisələr, qastrola gəlmiş məşhur artistlərin təqdim etdikləri opera tamaşaları və ifaçıların konsert proqramları haqqında məlumat verilir. Artıq təkcə Rusiyanın iri şəhərlərindən deyil, Avropanın nüfuzlu mədəniyyət mərkəzlərindən Varşavadan, Milandan Bakıya konsert səfərlərinə gəlmiş məşhur musiqiçilərin və dirijorların iştirakı Azərbaycan dinləyicilərinin danyagörüşünə və musiqi mədəniyyətinə marağının artması ilə təsdiqlənirdi.
Monoqrafiya bütün təhsil ocaqlarında təhsil alan tələbələr və müəllim heyəti üçün nəzərdə tutulmuşdur. Ümumiyyətlə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş monoqrafiyalaradan biridir və onun dərc olunması musiqi ictimaiyyəti üçün böyük töhfədir.
Nəsirova Fidan
Ü.Hacıbəyli adına Elmi-tədqiqat laboratoriyasının
elmi işçi