17 noyabr 2021-ci il
Musiqi həyatımıza yeni töhfə olan “Müasir musiqişünaslığın aktual məsələləri: Elmi məqalələr və materiallar toplusu”nun II buraxılışı dərc olundu.
Bu topluda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının əməkdaşlarının məqalələri öz əksini tapır.
Bu elmi toplu laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin böyük əməyi nəticəsində işıq üzü gördü. Təqdim olunmuş kitabın II buraxılışı Azərbaycan musiqisinin banisi, bəstəkarlıq məktəbinin yaradıcısı, dahi Üzeyir Hacıbəylinin bizlərə miras qoyduğu Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub. Bu buraxılış Ü.Hacıbəyli adına BMA-nın Elmi Şurasının 07.07.2021-ci il tarixli qərarı ilə çap olunub. Elmi redaktor – elm və yaradıcılıq laboratoriyasının prorektoru, f.e.d., professor G.Abdullazadə, elmi rəyçilər isə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor M.Əhmədova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.İsmayılzadə olmuşdur. Toplunun çapına göstərdiyi dəstəyə görə Akademiyaımızın rektoru, professor Fərhad Bədəlbəyliyə təşəkkürümüzü bildiririk.
Burada etnomusiqişünaslıq, muğamşünaslıq, musiqi koqnitologiyası, bəstəkar yaradıcılığı, musiqi tarixi, musiqi və müasir texnologiyalar, orqanologiya və akustika, mədəniyyətşünaslıq bölmələrində əməkdaşlarımızın məqalələri dərc olunub. Məhz bölmələrə aid toplanılmış bu məqalələr bir daha bizim laboratoriyanın əməkdaşlarının müxtəlif sahələr üzrə elmi fəaliyyətlərinin bariz nümunəsidir. Belə ki, həmin kitabda laboratoriyanın bütün əməkdaşlarının elmi məqalələri toplanılıb dərc olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, burada toplanılmış mövzu dairəsi müxtəlifliyi ilə seçilir. Belə ki, dahi bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən yaradılmış Konservatoriyanın 1921-ci ildən 2021-ci ilədək olan yaradıcılıq dövrü, bəstəkarın yaradıcılığında xalq rəqslərinin əhəmiyyəti haqda və bu rəqslərin bəzilərinin adlarının etimologiyası, yaranma tarixçəsi və not yazısının təqdimi verilmişdir. Azərbaycan ifaçılıq sənətinin inkişafında simli alət kamançanın tədrisi və təbliği haqda, bəstəkar yaradıcılığında isə H.Xanməmmədovun əsərlərində xalq çalğı alətlərinin istifadəsi, müasirlərimizdən R.Ramazanovun “And” poemasının təhlili, Q.Salahovun Azərbaycan musiqi mədəniyyətindəki rolu və əhəmiyyəti, Azərbaycan teatr sənətinin inkişafında bəstəkarlarımızın rolu, Qarabağ mövzusu ilə bağlı bəstəkarlarımızın əsərləri, bəstəkar yaradıcılığında improvizədən istifadə metodları, mahnı janrında muğamın tətbiqi, Azərbaycan Dövlət Konservatoriyasının yaranma tarixi və elmi-tədqiqat laboratoriyanın yaranması və inkişafı, musiqişünas İ.Əfəndiyeva – sənətim mənim üçün hər şeydən önəmlidir, Üzeyir və Zülfüqar Hacıbəylilərin dövrü mətbuat səhifələrində dərc olunmuş məqalələrinin təsviri, musiqi alətlərinin rəqəmsal interfeysi, XXI əsr musiqisinin inkişafında sosial şəbəkələrin rolu, Ü.Hacıbəylinin XX əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasında bədii-siyasi yaradıcılığı, M.Əliyevanın Azərbaycanın incəsənət və mədəniyyət sahəsindəki yaradıcılıq fəaliyyəti, insanpərvərlik və azadlıq nəğməkarı Nəsiminin dahi obrazı əks olunmuşdur. Bununla yanaşı toplunun sonunda elmi əməkdaşlarımızın dərc edilmiş monoqrafiyaları, məcmuələri və dərs vəsaitlərinin siyahısı oxuculara təqdim olunur.
Bu kitabın yaranmasında əməyi olmuş elmi-tədqiqat laboratoriyasının prorektoru, f.e.d., professor G.Abdullazadəyə, laboratoriyanın müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.İsmayılzadəyə, bütün əməkdaşlarımıza yaradıcılıq uğurları diləyir və toplunun davamlı olmasını arzulayıram.
FİDAN NƏSİROVA
Elmi-tədqiqat laboratoriyanın elmi işçisi