• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 iyun 2021-ci il

    “Xarıbülbül” (Kharibulbul) musiqi albomu ictimaiyyətə təqdim olunub

    Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə “Xarıbülbül” (Kharibulbul) musiqi albomu ictimaiyyətə təqdim olunub.

    Layihənin rəhbəri Parisdə yaşayan həmyerlimiz, Beynəlxalq müsabiqələr laureatı, pianoçu-bəstəkar Etibar Əsədli, layihənin musiqi redaktoru Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının şöbə müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur.

    Layihə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin şanlı qələbəsinə həsr olunub. Layihənin adı ilə Vətən müharibəsinin simvoluna çevrilmiş Xarıbülbülün adının eynilik təşkil etməsi heç də təsadüfi deyildir. Belə ki, bu qələbədə Ali Baş Komandanın ətrafında sıx birləşən dünyanın dörd bir yanında yaşayan həmvətənlərimizin birliyi və bərabərliyi bu layihədə də öz əksini tapmışdır. Dünyanın müxtəlif ölkələrində (Fransa, ABŞ, Türkiyə, İtaliya və b.) yaşayan istedadlı həmvətənlərimizin ifasında hazırlanan bu musiqi albomu Qüdrətli Prezidentimizə, Müzəffər Ordumuza və özünü Azərbaycanlı sayan hər bir insana hədiyyədir.

    Diskdə Azərbaycan musiqilərinin ən gözəl nümunələri, bəstəkar mahnıları yer almışdır. Diskin içində Xarıbülbül və ifaçılar haqqında ingilis dilində məlumat yerləşdirilmişdir.

    Musiqi albomunun hazırlıq işləri Parisdə və Bakıda aparılmışdır. Albomda Etibar Əsədli, İlham Nəzərov, Müşfiq Quliyev, Sahib Əsədli, Elnur Hüseynov, Tutu Aydınoğlu, Şəhriyar İmanov, Samirə Əfəndi, Məhərrəm Hüseynov, İsmayıl Zeynalov, İmamyar Həsənov, Ələfsər Rəhimov, Ağarəhim Quliyev və b. bir-birindən dəyərli ifaları yer almışdır. İfaların seçilməsi ilə yanaşı musiqi alətlərinin də seçiminə xüsusilə yanaşılmışdır. Belə ki, diskdə tar, kamança, balabanda olan ifaların, milli musiqimizin dünyada tanıdılması istaqəmətinə bir töhfə olacağını düşünən təşkilat komitəsi, repertuar seçiminə də xüsusi diqqət ayırmışdır.