29 dekabr 2020-ci il
Fəlsəfə doktoru Vüqar Hümbətovun “Azərbaycan bəstəkarlarının yaradıcılığında tarixi mövzulu xor əsərləri (1990-2000-ci illər)” adlı monoqrafiyası çapdan çıxıb
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Xarici tələbələrlə iş üzrə şöbə müdiri və BMA-nın böyük elmi işçisi Vüqar Bəxtiyar oğlu Hümbətovun “Azərbaycan bəstəkarlarının yaradıcılığında tarixi mövzulu xor əsərləri (1990-2000-ci illər)” adlı monoqrafiyası çapdan çıxıb.
Monoqrafiyada Azərbaycan bəstəkarlarının konkret tarixi dövrdə baş vermiş hadisələrə - Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə, 20 yanvar hadisələrinə, Xocalı faciəsinə, Qarabağın işğalına, həmçinin, tarixi şəxsiyyətlərə - Ümummilli lider Heydər Əliyevə və Vətən uğrunda şəhid olmuş qəhrəman oğullara həsr olunan əsərləri tədqiqata cəlb olunmuşdur.
Burada tədqiqatın materialının genişliyini qeyd etmək vacibdir, belə ki, müəllif bir neçə nəsil Azərbaycan bəstəkarlarının, o cümlədən, Ramiz Mustafayev, Oqtay Rəcəbov, Elnarə Dadaşova, Yaşar İmanov, Sərdar Fərəcov, Cəlal Abbasov, Rəna Qədimova, Leonid Vaynşteyn, Aydın Ağasıyev, Fuad Cavadov və b. əsərlərinə müraciət etmiş, onların təhlilinə monoqrafiyanın müvafiq bölmələrində yer vermişdir.
Kitabın Elmi redaktoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Rəyçiləri Azərbaycan Respublikasının Xalq artisti, professor Cavanşir Cəfərov, Sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Xoreoqrafiya Akademiyasının professoru Sonaxanım İbrahimova, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Dilarə Əliyevadır.
Monoqrafiya Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsinə və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub.