• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 may 2020-ci il

    ABŞ-da yaşayan azərbaycanlı icma nümayəndələri görkəmli pianoçu Fərhad Bədəlbəyli ilə görüşüb.

    Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin (USACC) “Şənbə Söhbətləri” layihəsinin növbəti qonağı Azərbaycanın fortepiano sənətinin görkəmli nümayəndəsi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli olub.

     “Zoom” platforması üzərindən baş tutmuş görüşə ABŞ-ın müxtəlif ştatlarında – Virciniya, Merilənd, Texas, Nyu-York, Kaliforniya, Meyn, Ohayo, Massaçusets ştatları və Kolumbiya dairəsində, eləcə də Kanadada yaşayan soydaşlarımız, o cümlədən ABŞ-ın İndiana Universiteti, Çikaqoda Northwestern University, Florida Tech University və sair kimi tanınmış universitetlərdə musiqinin müxtəlif sahələrində professor olaraq çalışan azərbaycanlılar qoşulub.

    Görüşdə Azərbaycan mədəniyyət və incəsənəti, Azərbaycanda maarifçilik məsələləri və sair mövzular ətrafında müzakirələr aparılıb. Fərhad Bədəlbəyli Azərbaycan musiqisinin tarixi inkişafı və hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb. Söhbət əsnasında qonaq 2007-ci ildə, hazırda erməni silahlı birləşmələrinin işğalı altında olan Azərbaycanın musiqi paytaxtı Şuşaya bir qrup Azərbaycan ziyalısı ilə səfərini xatırlayıb və öz təəssüratlarını paylaşıb.

    Görüş zamanı tanınmış pianoçu, hazırda ABŞ-da yaşayan Emil Əfrasiyab və xanımı Leyla Babayeva Əfrasiyab Tofiq Quliyevin “Yol ayrıcında” əsərindən bir parça ifa ediblər.

    Fərhad Bədəlbəyli ilə görüşə qoşulmuş soydaşlarımız tərəfindən qonağa müxtəlif mövzularda suallar ünvanlanıb, ABŞ-da Azərbaycan musiqisi və incəsənətinin təbliği ilə bağlı konkret təkliflər irəli sürülüb. Görüşün moderatoru ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov olub.

    Qeyd edək ki, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin (USACC) “Şənbə Söhbətləri” layihəsinin əsas məqsədi Azərbaycanın tanınmış elm və mədəniyyət xadimlərinin ABŞ-da yaşayan azərbaycanlı icma nümayəndələrinə təqdim edilməsi və onlarla birbaşa ünsiyyətin qurulmasıdır.

    Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi 2000-ci ildə, iki ölkə xalqları arasında münasibətlərin təşviqi, eləcə də ABŞ-da yaşayan azərbaycanlı icmaya yönəlik layihələrin həyata keçirilməsi məqsədilə Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən Palatanın nəzdində təsis edilib.