• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 iyul 2019-cu il

    Azərbaycanın Şamaxı bölgəsinə etnomuzikoloji ekspedisiya


    BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru , fəlsəfə elmləri doktoru, professor G.Abdullazadə və BMA-nın elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N. İsmayılzadənin başçılığı ilə Azərbaycanın Şamaxı bölgəsinə daha bir dəyərli ekspedisiya həyata keçirilib. Ekspedisiya heyətində BMA-nın kafedra müdiri, filalogiya üzrə elmlər doktoru, professor Tərlan Quliyev ilə yanaşı laboratoriyanın elmi işçiləri- xalq artisti, dosent Zümrüd Məmmədova, dosent Ariz Abduləliyev, böyük elmi işçi Rauf Bəhmənli, Aynur Çələbiyeva, bəstəkar, doktorant İlahə İsrafilova və BMA-nın magistrantı Fərhad Ələkbərov yer alırdı. Onu da qeyd edək ki, bu ekspedisiya 2000-ci illərdən bu yana BMA-nın təşkilatçılığı ilə Şamaxı bölgəsinə edilən sayca ikinci səfəridir.
    Ekspedisiya çərçivəsində ilk olaraq qonaqları Şamaxı Rayon İcra Hakimiyyətinin başçının müavini — İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova və Şamaxı Mədəniyyət Mərkəzinin rəhbəri Rəfail Tağızadə qarşıladı .
    Ardından Şamaxı rayon Mədəniyyət Mərkəzində bu regionun seçilən sənətkarı ilə tədqiqatçılar arasında görüş həyata keçirildi.
    Heyəti Aşıqlar Birliyinin Şirvan bölgəsi üzrə rəhbəri Əliyaqub İrafilov salamladı və ardısıra dəyərli sənətçiləri qonaqlara təqdim etdi. İştirakçılar arasında AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu da yer alırdı. Son illərdə Şamaxı musiqi mədəniyyətinin inkişafı istiqamətində baş vermiş önəmli məqamlar haqqında, həmçinin AMEA Folklor İnstitutunun bu mövzuda apardığı araşdırmalar ətrafında danışdı. Şirvan bölgəsinin görkəmli zurna, balaban ustadı Əli Kərimovun fəaliyyətinə bir daha işıq tutaraq onun ifalarından ibarət CD disk və eynimövzulu kitabı təqdim etdi.
    Aşıqlar Birliyinin Şirvan bölgəsi üzrə katibi, aşıq Ağamurad İsrafilov çıxışı zamanı aşıq sənətinin həm nəzəri, həm praktiki şəkildə bir çox məqamlarını nümayiş etdirdi. Tədqiqatçılar tərəfindən ard-arda yönəldilən sualları böyük ustalıqla cavablandıran sənətkar araşdırmaçılara əvəzsiz informatorluq edərək bir çox məqamlara aydınlıq gətirdi. Sazəndə dəstəsi ilə əsl Şirvan aşığı məktəbini, ustalığını nümayiş etdirən Ağamurad İsrafilovun, tələbəsi Rza Məmmədovun ifasında – “Güllü qafiyə”, “Şəmsiqəmər”, “Əli icadi” pişrovları, “Koroğlu” gözəlləməsi, “Qocaman- Peyvənd” şikəstə və s. nümunələr görüntüyə alındı. Yaddaqalan məqamlardan biri də Şamaxıda yaşayan göyçə aşığı Qocayev İxtiyarın çıxışı oldu. Beləki səhnədə iki fərqli bölgə aşağının ifasına şahid olmaq ekspedisiya iştirakçılarının maraq dairəsini daha genişləndirdi. Bu məqam hər iki bölgə aşığı arasında açıq-aydın müqayisəli təhlil aparmaq üçün gözəl fürsət idi.
    Ekspedisiya çərçivəsində araşdırmaçılar Rasim Ələsgərov (balaban), Əkbərov Firudin(balaban), Seyidov Antik (nağara), Dadaşov Bəhruz (zurna, balaban), Əliyev Şöhrət (nağara), Fətəliyev Rauf (qoşanağara) kimi Şirvan bölgəsinin aparıcı sənətkarları ilə yaxından tanış olma imkanı əldə etdi. Onların adlarını, ifalarını laboratoriyanın tədqiqat külliyyatına elavə edərək milli arxiv xəzinəmizi daha da zənginləşdirdilər.
    Ekspedisiyanın sonunda heyət Şamaxının ən qədim məbədlərindən olan “Cümə” məscidini ziyarət etdilər. Bu məkanın sehirli abu-havası, əzəməti, tarixiliyi və eyni zamanda müasirliliyi, yenidənqurma işlərindən sonrakı səliqəsi ilə tanış oldular.
    Təbii ki, səfərdən sonra əməkdaşlar ekspedisiyanın ikinci mərhələsinə qədəm qoyur. Bu haqqda məqalələr yazılır, toplanmış materallar emal edilir, dərindən tədqiq olunur, nota alınır və tarixin səhifələrinə tövhə edilir. Xalqın mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsinə xidmət edən bu əvəzsiz təşəbbüsün daimi davamlılığını, ekspedisiya ənənələrinin hər zaman yaşadılmasını arzu edirik.

    Bakı Musiqi Akademiyasının Doktorantı və əməkdaşı,
    Bəstəkar İSRAFİLOVA İLAHƏ QİSMƏT q.