25 aprel 2019-cu il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Mezzo” Elmi Publisistik İnformasiya jurnalının №21 sayı 2019-cu il buraxılışı çapdan çıxdı.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Mezzo” Elmi Publisistik İnformasiya jurnalının 2019-cu ilin yanvar-fevral-mart buraxılışı, № 21-ci sayı oxucularının diqqətinə təqdim edilib. Ənənəvi olaraq bu sayda da bir-birindən maraqlı məqalələr, xəbərlər öz əksini tapmışdır. Baş redaktoru Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov olan jurnalın bu sayında Əməkdar müəllim, sənətşünaslıq namizədi, professor Leyla Abasquliyeva, Xalq artisti, professor Ülviyyə Hacıbəyova, BMA-nın elmi işçiləri Sahilə Əzizova və Könül Əhmədova, BMA-nın İnformasiya texnologiyaları mütəxəssisi Röya Hüseynova, BMA-nın doktorantı Məhəmməd Vəliyevin qələmindən çıxan məqalələr yer almışdır.
“Mezzo” jurnalının bu sayında Bakı Musiqi Akademiyasında keçirilən konsertlər, tədbirlər, layihələr, konfranslar, ustad dərsləri öz əksini tapmışdır. Buna misal olaraq Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbirlər “İnsan və Mühit” İctimai Birliyinin ilk mədəni layihəsi çərçivəsində klassik konsert, 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş elmi seminar, Azad Əliyevin 90 illik yubileyi münasibətilə violinçuların I Beynəlxalq müsabiqəsi, “Bölünənlər” tamaşasının premyerası, Xalq artisti, professor Zəhra Quliyeva və onun tələbələrinin konserti, “Prometey Bakıda” adlı konsert, Musiqişünas-alim Səadət Abdullayevin xatirəsinə həsr olunmuş tədbir, “Baku Chamber Orchestra”nın “Şnitke. Q.Qarayev. Şostakoviç” adlı müasir musiqi axşamı konserti, BMA-nın Opera studiyasında P.İ.Çaykovskinin “Qaratoxmaq Qadın” operasının səhnələşdirilməsi, 2 Fevral Gənclər günü münasibətilə təşkil olunmuş silsilə tədbirlər, həmçinin Beynəlxalq konfranslar, müəllim və tələbələrimizin uğurları, bir çox yerli və beynəlxalq layihələr, BMA-nın qonaqları, görkəmli bəstəkar və ifaçılarımızın yubiley gecələri, ustad dərsləri, tələbə və məzunlarımızın konsertləri, xəbərlər bölməsi və bir çox məqalələr yer almışdır.
Hər buraxılışında musiqisevərləri öz ətrafına cəmləyən jurnalın bu sayında da, məzmun etibarilə mühüm məqalələr öz oxucularına təqdim olunub. Jurnalı həmçinin elektron olaraq https://issuu.com/vugarhumbatov səhifəsindən oxumaq mümkündür.