• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 aprel 2019-cu il

    Aprelin 20-də  Bakı Kitab Mərkəzində “Ədilə Hüseynzadə. Məhəbbətlə doğulmuşam” kitabının təqdimatı keçirildi.

    Kitab görkəmli bəstəkar və pedaqoq, Azərbaycan Dövlət Konservatoriyasının  bəstəkarlıq fakültəsinin ilk qadın məzunu, Üzeyir Hacıbəylinin son  sevimli tələbəsi Ədilə Hüseynzadənin  zəngin həyat  və  yaradıcılıq yolunu işıqlandırır. Toplantını giriş sözü  Mərkəzin direktoru Günel Rzayeva açdı.  Kitabın müəllifi  Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə tədqiqat üzərində işindən,  müəllimi – Ədilə xanımla   ünsiyyətinin özəlliklərindən ətraflı məlumat verdi. Təqdimatda   bəstəkarın musiqisini  Xalq artisti  Fidan Hacıyeva,   beynəlxalq müsabiqələr laureatı  SəidəTağızadə,  Əməkdar artist Aleksey Miltıx ifa etdilər.  Ədilə Hüseynzadənin tələbələri, həmkarları Lalə Hüseynova, Elnarə Dadaşova və başqaları kitab haqqında təəssüratlarını, habelə  bəstəkarla bağlı xatirələrini bölüşdülər.  Gecənin sonunda Z.Dadaşzadə kitabları imzalayıb oxuculara hədiyyə etdi.