• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 yanvar 2019-cu il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Mezzo” Elmi Publisistik İnformasiya jurnalının 2018-ci ilin iyul-dekabr buraxılışı, № 19/20-ci sayı çapdan çıxdı.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Mezzo” Elmi Publisistik İnformasiya jurnalının 2018-ci ilin iyul-dekabr buraxılışı, № 19/20-ci sayı oxucularının diqqətinə təqdim edilib. Ənənəvi olaraq bu sayda da bir-birindən maraqlı məqalələr, xəbərlər öz əksini tapmışdır. Baş redaktoru Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov olan jurnalın bu sayında BMA-nın Əlavə təhsil şöbəsinin müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hüseynova, BMA-nın baş müəllimləri Səbinə Bəylərbəyova, Günel Zeynallı, Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbinin müəllimi Pərvin Səfərli, BMA-nın İnformasiya texnologiyaları mütəxəssisi Röya Hüseynova, BMA-nın Mətbuat şöbəsi və informasiya komunikasiya texnologiyaları xidmətinin mütəxəssisi Minacat Əhmədova, BMA-nın doktorantı Aysel Əsədova, BMA-nın magistrı Fidan Rəhimli və BMA-nın məzunu Leyla Əhmədxanovanın qələmindən çıxan məqalələr yer almışdır.
    “Mezzo” jurnalının bu sayında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən konsertlər, tədbirlər, layihələr, konfranslar, ustad dərsləri öz əksini tapmışdır.
    Buna misal olaraq dünyaşöhrətli bəstəkarımız Arif Məlikovun 85 illik yubileyinə həsr olunmuş konsert və müsabiqə, Ü.Hacıbəyli adına X Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən silsilə tədbirlər, Ulu öndər Heydər Əliyevə həsr olunmuş anım tədbiri, Azərbaycan Müəllimlərinin XV Qurultayı və Azərbaycan Tələbələrinin II Qurultayı, X Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq konfranslar, Müəllim və tələbələrimizin uğurları, bir çox yerli və beynəlxalq layihələr, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli, BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinin doğum günü münasibətilə təşkil olunmuş konsert, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə tədbir, Xalq artisti, professor Ülviyyə Hacıbəyovanın solo konserti, Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (İSME) 33-cü Ümumdünya Konfransı, BMA-nın qonaqları, görkəmli bəstəkar və ifaçılarımızın yubiley gecələri, ustad dərsləri, tələbə və məzunlarımızın konsertləri, xəbərlər bölməsi və bir çox məqalələr yer almışdır.
    Hər buraxılışında musiqisevərləri öz ətrafına cəmləyən jurnalın bu sayında da, məzmun etibarilə mühüm məqalələr öz oxucularına təqdim olunub. Jurnalı həmçinin elektron olaraq https://issuu.com/vugarhumbatov oxumaq mümkündür.