20 – 25 oktyabr 2018-ci il
20 – 25 oktyabr 2018-ci il tarixində Norveçin Bergen Universiteti Qriq Musiqi Akademiyası, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası, V.Saracişvili adına Tbilisi Dövlət Konservatoriyası və Kurmanqazı adına Qazaxstan Milli Konservatoriyası arasında keçirilən “Musiqi və Bədii Tədqiqat Biliyi Şəbəkəsi EURASİA” layihəsi Gürcüstanda, Tbilisidə davam etmişdir.
22 – 23 oktyabr tarixində keçirilən layihənin koordinatorlarının görüşündə BMA-nı Beynəlxalq əlaqələr şöbəsinin layihələr üzrə mütəxəssisi Şəfiyeva Zülfiyyə təmsil etmişdir. Görüş zamanı 4 ali musiqi təhsili müəssisəsinin tələbələrinin mübadiləsi ilə bağlı müxtəlif məqamlar müzakirə edilmişdir. Həmçinin, layihə çərçivəsində Qazaxstanın Almatı şəhərində keçiriləcək növbəti konsert haqqında söhbət aparılmışdır.
24 oktyabr tarixində isə V.Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasında keçirilmiş 4 ali musiqi təhsili müəssisəsinin tələbələrinin iştirakı ilə birgə konsert keçirilmişdir. Konsert proqramında Ü.Hacıbəyli “Arazbarı”, K.Şildevayev “Kara Kəmər”, Ukili Ybyray “Gakku”, M.Thormodsater “İnventio”, H.Saverud “Piano üçün duetlər”, S.Tsintsadze “Simli kvartet üçün 3 miniatür” səsləndirilmişdir. Konsertdə Bakı Musiqi Akademiyasının 2-ci kurs magistr tələbəsi Ziba Rəcəbli (alt) Qriq Akademiyasının tələbəsi Finlay Hare (violonçel), Tbilisi Dövlət Konservatoriyasının tələbəsi İrina Rostomaşvili (skripka) və Qazaxstan Milli Konservatoriyasının tələbəsi Aydana Şildebayeva (skripka) ilə kvartet tərkibində Ü.Hacıbəylinin “Arazbarı” əsərini ifa etmişdirlər.