31 may – 6 iyun 2018-ci il
2018-ci il 31 may – 6 iyun tarixində bergen Universitetinin Griq Akademiyasının təşkilatçılığı ilə “Music and Artistic Research Knowledge Network Eurasia” (“Musiqi və bədii tədqiqat üzrə Avrasiya Bilik Şəbəkəsi”) layihəsi çərçivəsində koordinatorların görüşü keçirilmişdir.
Görüşdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Norveçin Bergen Universitetinin Qriq Akademiyasının, V.Saracişvili adına Tiflis Dövlət Konservatoriyasının və Qazaxstanın Kurmanqazı Milli Konservatoriyasının nümayəndələri iştirak etmişdir.
Bakı Musiqi Akademiyası ilə Bergen Universitetinin Qriq Akademiyası arasında əməkdaşlıq əlaqələri 8 ildən artıq müddətdir ki davam edir. Bu illər ərzində hər iki təhsil müəssisəsinin tələbələri müxtəlif mübadilə proqramlarında iştirak etmiş, birgə konsert və bədii tədqiqat layihələri ilə çıxış etmişlər. Layihənin iştirakçıları olan müxtəlif ölkələrin ali təhsil müəssisələrinin sayının genişləndirilməsi Bakı Musiqi Akademiyasının təşkiatçılığı ilə həyata keçirilmişdir.
2017-ci ildən etibarən uğurla davam edən “Artistic research” layihəsinin Bergen şəhərində baş tutmuş koordinatorların görüşündə Bakı Musiqi Akademiyasını Beynəlxalq əlaqələr üzrə prorektor Yeganə Axundova, Musiqi Nəzəriyyəsi kafedrasının müəllimi Turan Məmmədəliyeva və Beynəlxalq əlaqələr şöbəsinin layihələr üzrə koordinatoru Zülfiyyə Şəfiyeva təmsil etmişlər. 1 iyun tarixində keçirilmiş “Jazz and Artistic Research” (Caz və bədii tədqiqat) təqdimatında Turan Məmmədliyeva “Azərbaycanda cazın inkişaf yolları” mövzusunda təqdimat ilə çıxış etmişdir. Təqdimat zamanı Qriq Akademiyasının nümayəndəsi Dagfinn Bach və Artistic Research proqramının digər iştirakçıları Bergen Universitetinin professoru Thomas Dahl, Norveçin saksofon və klarnet ifaçısı Kjetil Moster, Bergen Universitetinin Musiqi kafedrasının professoru, bəstəkar Magne Thormodseter, Saracişvili adına Tiflis Dövlət Konservatoriyasının rektoru Reso Kiknadze və Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Nana Şarikadze və Qazaxstanın Kurmanqazı Milli Konservatoriyasının Beynəlxalq əlaqələr üzrə şöbənin rəhbəri Janna Abdulxalıq bədii tədqiqat və caz haqqında təqdimatlarla çıxış etdilər. 4-5 iyun tarixində isə layihənin növbəti iki ildə davamlılığının təmin edilməsi üçün müzakirələr aparılmış və növbəti tədbirlərin təşkili barəsində fikir mübadiləsi baş tutmuşdur.
Qeyd edək ki, “Artistic Research” layihəsi 2016-2019-cu illərdə SIU (Norveçin təhsildə beynəlxalq əməkdaşlıq üzrə Mərkəzi) tərəfindən maliyyələşdirilən 4 ali təhsil müəssisəsi arasında aparılan uğurlu layihədir.