29 may 2018-ci il
Azərbaycan Respublikasının Prezidenti cənam İlham Əliyev 2017-ci il oktyabr ayında Azərbaycan mədəniyyətinin dahi nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar sərəncam imzalamışdır.
Bunu diqqətə alaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyətinin birgə səyi ilə bir sıra musiqi, o cümlədən №1, 8, 46, 23 saylı orta ümümtəhsil məktəblərində konsert və mühazirələrin keçirilməsi nəzərdə tutulmuşdur. Keçiriləcək layihənin əsas məqsəd və vəzifəsi görkəmli bəstəkar Qara Qarayevin həyat və yaradıcılığının, musiqi irsinin, incəsənətimizin inkişafında oynadığı əvəzsiz xidmətlərinin gənclərə aşılanması və məlumatlandırılmasından ibarət olacaqdır.
Bu layihə çərcivəsində ilk tədbir Georgi Şaroyev adına 35№-li 11 illik musiqi məktəbində təşkil olunmuşdur. 29 may 2018-ci il tarixində keçirilən konsert-məruzə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyətinin birgə təşkilatçılığı ilə hazırlanmışdır. Tədbirdə “Musiqi nəzəriyyəsi” kafedrasının müllimi, dosent Elmira Pənahovanın rəhbərliyi altında musiqişünaslıq ixtisasının I kurs (Babayeva Gülər, Əsədova Ləman, Səfərli Elvira, Tağıyeva Səbinə) və II kurs tələbələri (Əliyeva Sara, Qasımova Aytac, Quliyeva Nəzrin) görkəmli bəstəkar Qara Qarayev yaradıcılığına həsr olunmuş müxtəlif mövzularda məruzələr hazırlamışdırlar. Tədbirdə musiqi nömrələrinə də geniş yer verilmişdir. Burada Qara Qarayevin müxtəlif janrlı əsərləri, o cümlədən №2, 6, 11, 24 nömrəli Prelüdləri (Bağırova Mədinə, “Fortepiano” kafedrasının I kurs tələbəsi), “Don Kixot” qravüründən “Səyahət” (işlənmə, Ağabala Manafzadə, “Fortepiano” kafedrasının I kurs tələbəsi), İki romans (Mahir Tağızadə, “Solo oxuma” kafedrasının III kurs tələbəsi ) və “Simli alətlər” kafedrası tələbələrinin ifasında “İnsan məskən salır” (kvintet), Kvartet (II və III hissə) səslənmişdir. Tədbirin ən maraqlı məqamlarından biri də “Don Kixot” filmindən Qara Qarayevlə Leonid Koqanın məşqini əks elətdirən videoslaydın göstərilməsi idi.
Konsert-məruzə Georgi Şaroyev adına 35№-li 11 illik musiqi məktəbinin müəllim və tələbə heyəti tərəfindən maraqla dinlənildi. Tədbirdə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, professor Gülzar xanım Mahmudova da yaxından iştirak etmişdir.