1 mart 2018-ci il
“Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi” adlı elmi-tədqiqat laboratoriyasında seminar.
Mart ayının 1-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 1 saylı “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi” adlı elmi-tədqiqat laboratoriyasının aparıcı elmi içşisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mələk Vəlizadənin “ Maqadan elmi ekspedisiyanın izləri ilə” mövzusunda elmi seminar keçirilmişdir.
Seminar Mələk Vəlizadənin çıxışı “2017 ci ilin iyun ayında Maqadan vilayətinə gerçəkləşdirdiyim elmi tədqiqat ekspedisiyasının baş tutmasında mənim əvvəlki elmi axtarışlarımın davamlı rolu olub. Bundan əvvəl Bəlucistan elmi ekspedisiyasında əldə etdiyim nəticələr məhz şimala məni yönləndirmişdi. Bundan başqa, Maqadanın “Arman” aşırımında yerləşən möhtəşəm meqalitləri birə bir bizim Qobustan meqalitləri ilə eyni görünürdü. Hətda həmən meqalitlərin ətrafında peyzajda Qobustandakı ilə həmən həmən eyni görsənirdi. Maqadana getməyimin vacib səbəbi kimi Qazaxıstanda əldə etdiyim maraqlı kitab olub. Kitabın adı “Türk-Monqol torpağının yaddaşı”. Bu kitabın müəllifi Marat Sembidir. Kitab isə Qazaxıstan Respublikasının mədəniyyət elmi tədqiqat Qazaxıstanın Mədəniyyət və İnformasıya Nazirliyinin vasitəsi ilə buraxılmışdır. Bu kitabda geoqrafik toponimlərinin adları, semantikası, etiologiyası və etimologiyası araşdırılır. Türk-monqol xalqlarının mifologiyasında, folkloristikasında adları, anlayışların mənası, müqayisəsi tam səpkidə seyr edilir.” ilə başlamışdı. Ətraflı məlumatlar verdikdən sonra səfərində əldə etdiyi fotolarını nümayiş etdirərək, musiqi nümunələrini səsləndirərək seminar iştirakçılarının daha da böyük marağına səbəb olmuşdur.
“Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İsmayılzadə Nuridə, aparıcı elmi işçilər Süleymanova Ruqiyyə, Ramazanov Rüfət, böyük elmi işçilər Abduləliyev Ariz, Rzayeva Mehparə, Bayraməlibəyli Nərminə, elmi işçilər Nəsirova Fidan, Həsənova Günay, Əhmədova Könül, Əfəndiyev Ayxan, Vəliyev Məhəmməd, İsmayılova Elmina, “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın professoru Qafarova Maya, elmi işçilər Bayramova Nigar, Mustafayeva Nazlı, Kazımova Bəsti, Hüseynova Nərminə, BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəsirova Könül, BMA-nın professoru, fəlsəfə elmləri doktoru, Əməkdar İncəsənət xadimi Hacıyev Telman, Əməkdar İncəsənət xadimi, professor, sənətşünaslıq doktoru Əfəndiyeva İmruz, kadrlar şöbəsinin müdiri Axundova Sevda və BMA-nın tələbələri seminarda iştirak etmişdir.
Nuridə İsmayılzadə, Telman Hacıyev, Könül Nəsirova, İmruz Əfəndiyeva seminarla bağlı çıxış edərək öz fikirlərini və tövsiyyələrini bildirdilər. İştirakçılar tərəfindən yönəldilən hər bir sual dolğun bir şəkildə çıxış edən Vəlizadə Mələk tərəfindən cavablandırıldı.
Telman Hacıyev “Bakı Musiqi Akademiyasının çox böyük nailiyyətləri olub və davam edir bu nailiyyətlər. Bu gün mən yeni bir tarixi öyrənmiş oldum. Çıxışınız məndə elə bir təəssürat yaratdı ki, elə bil mən də sizinlə birgə bu səyahətdə olmuşam. Sizdən əldə etdiyimiz məlumatlar böyük bir qazancdır bizimçün. Tədqiqatçı elə bir formada çatdırdı ki bizə informasıyanı burada həm məlumat xarakterli, həm müqayisəli təhlillər var idi. Sizi təbrik edirəm, böyük bir təəssüratla ayrılacam burdan”.
Nuridə İsmayılzadə “Mələk böyük bir iş görür, maraqlı bir tədqiqatçı olaraq öz təşəbbüsü ilə hər il dünyanın hansısa bir bölgəsinə səyahət edərək maraqlı məlumatlar əldə edir. Tədqiqatlarının davamını gözləyirik”.
İmruz Əfəndiyeva “25 il mən bu laboratoriyada çalışmışam və əməkdaşların hər birinin uğurlarına sevinirəm”.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
1 saylı “Şifahi ənənəli Azərbaycan musiqisi və
onun yeni istiqamətlərinin tədqiqi” adlı elmi-tədqiqat laboratoriyasının
elmi işçisi Həsənova Günay.