27 fevral 2018-ci il
“Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda ilk “Novruz mühazirəsi”
Fevralın 27-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şamaxı şəhərində ilk “Novruz mühazirəsi” keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak edib. Ölkəmizin ali məktəblərində təhsil alan Türkiyə, Rusiya, İran, Çexiya, Çin, Banqladeş, Yunanıstan və digər ölkələrdən 30 nəfər əcnəbi tələbə də iştirakçılar sırasında olub. Həmçinin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Ifaçılıq” fakültəsinin tələbələri Saberan Shahriyar Mohammadreza (“Simli alətlər” kafedrası) və Akhmedova Aminat Mekhtiyevna (“Solo oxuma və opera hazırlığı” kafedrası) iştirak ediblər.
Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib və önünə əklil qoyulub.
Daha sonra qonaqlar Şamaxı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Səfər iştirakçıları 1918-ci ildə Şamaxı soyqırımı zamanı ən böyük qırğınların törədildiyi Cümə məscidinə baş çəkiblər. Məlumat verilib ki, əhalinin sığındığı məsciddə ermənilər yanğın törədərək təqribən 1700-dən artıq günahsız insanı qətlə yetirib, məscidi top atəşinə tutaraq yandırıblar. Soyqırımı zamanı ciddi ziyan dəymiş tarixi mədəniyyət abidəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü ildə əsaslı bərpa edilib.
Tədbir Şamaxı şəhəri İncəsənət Təhsili Mərkəzində davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 1918-ci ilin mart ayında Şamaxıda törədilən soyqırımı faktlarından danışıb, belə bir tədbirin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.
Qonaqları salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov 1918-ci il soyqırımının xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biri olduğunu, ermənilər tərəfindən insanlığa yaraşmayan qanlı əməllər törədildiyini diqqətə çatdırıb. Nazir müavini tədbirin keçirilməsinin məqsədinin Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamına uyğun olaraq, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin ictimaiyyətə daha dolğun çatdırılması, əcnəbi tələbələrin bununla bağlı məlumatlandırılması olduğunu bildirib.
Daha sonra tarix elmləri doktoru, professor Anar İsgəndərov “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda mühazirə ilə çıxış edib. Real faktlara, tarixi sənədlərə və arxiv materiallarına əsaslanan məruzədə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı təcavüzü nəticəsində yüz minlərlə insanın qətlə yetirildiyi qeyd olunub, əsrin əvvəlində baş verən soyqırımının əsrin sonunda bir daha təkrar olduğu diqqətə çatdırılıb. Həmçinin tarix boyu xalqımıza qarşı törədilən soyqırımı, deportasiya və etnik təmizləmə siyasətindən danışılıb.
Tədbir çərçivəsində iştirakçılar azərbaycanlıların soyqırımını və Xocalı qətliamını əks etdirən sərgi ilə tanış olublar.