7 mart 2018-ci il
“I Culture Orchestra” layihəsi Azərbaycan, Gürcüstan, Belarusiya, Moldova və Ukrayna ölkələrini əhatə edir və əsasən orkestr ifaçılarının ifa səviyyəsinin təkmilləşməsi istiqamətində iş aparır.
Ustadlıq dərslərində ən istedadlı tələbələr seçilərək beynəlxalq orkestrin tərkibində müxtəlif ölkələrdə qastrol konsertləri ilə çıxış edirlər. 40-a yaxın nəfəs və simli alətlər şöbəsinin tələbələri böyük maraqla bu mühüm beynəlxalq layihədə iştirak etmişlər.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında Polşanın Adam Mitskeviç İnstitutu tərəfindən 2011-ci ildən reallaşdırılan “I Culture Orchestra” layihəsi çərçivəsində 7 mart 2018-ci il tarixində keçirilən dinləmələrin II turu və ustadlıq dərsləri keçirilib. Bu dərsləri professorlar Robin O’Neill (nəfəs) və Nataniyel Anderson Frank (simli) aparıblar. Dinləmələrdə BMA-nın “Simli alətlər” kafedrasının tələbələri Aytən İbrahimova, Firəngiz Abdullayeva, Renata Abubəkirova (məzun), Ramiz İsmayılov yaxından iştirak edərək V.A.Motsart Skripka üçün 5 saylı konsert (I hissə), Q.Maler 10 saylı Simfoniya, P.Çaykovski Uvertura (“Şelkunçik” baletindən), R.Şuman 2 saylı Simfoniya və s. əsərləri ifa ediblər.