• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 noyabr 2026-cı il 

    2026-cı il noyabrın 26-da Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının tələbələrinin əsərlərindən ibarət konsert proqramı təqdim olundu.

    Konsertdə gənc bəstəkarların kamera-instrumental əsərləri İfaçılıq kafedrasının tələbələrinin ifasında səsləndirildi.
    Bəstəkarlıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev və kafedranın professor-müəllim heyəti tələbələrlə məqsədyönlü və məhsuldar yaradıcılıq fəaliyyəti həyata keçirirlər. Bu istiqamətdə təşkil olunan silsilə konsertlər gənc bəstəkarların əsərlərinin geniş dinləyici auditoriyasına təqdim olunmasına, onların yaradıcılıq axtarışlarının təşviqinə və peşəkar inkişafına mühüm töhfə verir. Kafedrada bu sahədə aparılan işlər Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrinin davamlılığını və yeni yaradıcılıq istiqamətlərinin formalaşmasını təmin edən əhəmiyyətli fəaliyyət kimi diqqəti cəlb edir.
    Konsertin açılışında Vaqif Mustafazadə adına Uşaq İncəsənət Məktəbinin direktoru Vüqar Camalzadə tədbir iştirakçılarını salamlayaraq konsertin əhəmiyyətindən bəhs etdi. Ardınca Bəstəkarlıq kafedrasının müdiri, professor Ceyhun Allahverdiyev kafedrada təhsil alan tələbələrin yaradıcılıq işləri və həyata keçirilən layihələr haqqında məlumat verdi.
    Daha sonra Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının dosenti Minaxanım Babayeva çıxış edərək Azərbaycan bəstəkarlıq məktəbinin təşəkkül və inkişaf tarixinə nəzər saldı. O, Üzeyir Hacıbəylinin əsasını qoyduğu milli bəstəkarlıq ənənələrinin formalaşmasında görkəmli bəstəkarların rolunu qeyd etməklə yanaşı, Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının bu irsin qorunması, inkişaf etdirilməsi və yeni yaradıcılıq nəslinin yetişdirilməsi istiqamətindəki fəaliyyətini xüsusi vurğuladı.

    Konsert proqramı dinləyicilər tərəfindən böyük maraqla qarşılandı.