17 noyabr 2026-cı il
“İstiqlal nəğməli dan ulduzu” – Gülarə Əliyevanın əziz xatirəsi anılıb
Bakı Musiqi Akademiyasının Opera Studiyasında görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, Azərbaycan musiqi mədəniyyətində özünəməxsus iz qoymuş “Dan Ulduzu” instrumental ansamblının yaradıcısı Gülarə Əliyevanın xatirəsinə həsr olunmuş “İstiqlal nəğməli dan ulduzu” adlı xatirə gecəsi keçirilib.
Tədbir Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı görkəmli bəstəkarın həyat və yaradıcılıq yoluna nəzər salaraq onun Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərini vurğulayıb. Bildirilib ki, Gülarə Əliyeva Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində və Əhsən Dadaşov adına Xalq Çalğı Alətləri Ansamblında fəaliyyət göstərib. 1966-cı ildə yaratdığı “Dan Ulduzu” instrumental ansamblı isə onun yaradıcılıq fəaliyyətinin ən parlaq səhifələrindən birinə çevrilib. Bəstəkar 1966–1988-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Musiqi nəzəriyyəsi kafedrasına rəhbərlik edib.
Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli çıxışında “Dan Ulduzu” instrumental ansamblının Gülarə Əliyevanın yaradıcılıq dünyasının ayrılmaz hissəsi olduğunu qeyd edib. O, bəstəkarın Azərbaycan musiqi mədəniyyətindəki xüsusi mövqeyini vurğulayaraq ansamblın milli musiqi sənətinin inkişafına verdiyi töhfələrdən bəhs edib.
Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri, professor Hicran Hüseynova, Milli Məclisin Mədəniyyət Komitəsi sədrinin müavini Günay Əfəndiyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova və mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışlarında Gülarə Əliyevanın zəngin yaradıcılıq irsindən, sənətkarlıq məharətindən və Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi dəyərli töhfələrdən söz açıblar.
Xatirə gecəsi çərçivəsində Qərbi Azərbaycan Televiziyasının istehsalı olan, sənətkarın həyat və yaradıcılığına həsr edilmiş “Gülarə Əliyeva – Bir ömrün nəğməsi” adlı sənədli film nümayiş olunub. Ekran əsərində bəstəkarın mənalı ömür yolu, Azərbaycan musiqisinin inkişafına verdiyi töhfələr, yaratdığı “Dan Ulduzu” instrumental ansamblının fəaliyyəti ilə yanaşı, ailəsinin İrəvan kökləri, doğma yurda bağlılığı və bu bağlılığın nəsildən-nəslə ötürülərək ailə yaddaşında qorunub saxlanılması da əksini tapıb.
Tədbirin bədii hissəsi zəngin və rəngarəng konsert proqramı ilə davam edib. Proqramda Gülarə Əliyevanın adını daşıyan “Dan Ulduzu” instrumental ansamblı ilə yanaşı, beynəlxalq müsabiqələr laureatı Dmitriy Babayevin bədii rəhbərliyi ilə Bakı Musiqi Akademiyasının tələbələrindən ibarət vokal ansamblının təqdim etdiyi musiqi nömrələri, eləcə də Xalq artisti, tanınmış pianoçu Ülviyyə Hacıbəyovanın ifası gecəyə xüsusi bədii ovqat qatıb.
Həmçinin Gülarə Əliyevanın adını daşıyan 3 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri də öz ifaları ilə konsert proqramına rəngarənglik bəxş ediblər.
Müxtəlif nəsilləri bir araya gətirən bu musiqi proqramı görkəmli bəstəkarın zəngin yaradıcılıq irsinə ehtiramın, onun sənət ənənələrinin yaşadılmasına verilən dəyərin ifadəsi olub. Konsertdə səslənən musiqi nümunələri Gülarə Əliyevanın əziz xatirəsini bir daha canlandırmaqla yanaşı, onun Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi əsərlərin bu gün də yaşadığını və gələcək nəsillərə ötürüldüyünü nümayiş etdirib.
Gülarə Əliyevanın sənət yolu, yaratdığı musiqi nümunələri və “Dan Ulduzu” ansamblı Azərbaycan musiqi tarixində özünəməxsus yer tutur. Xatirə gecəsi sənətkarın adının, yaradıcılığının və musiqi irsinin daim ehtiramla yad edildiyini bir daha nümayiş etdirib.








