• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 noyabr 2026-cı il 

    Noyabrın 1-də Rus Mədəniyyəti Mərkəzində istedadlı bəstəkar Aleksandr Zatsepinin 100 illik yubileyinə həsr olunmuş “Zatsepın – 100” adlı konsert keçirildi. Onun musiqisi artıq bir neçə onillikdir ki, müxtəlif nəsilləri bir araya gətirir.

    Olduqca rəngarəng olan Aleksandr Zatsepin yaradıcılığı Azərbaycan estrada mədəniyyəti ilə də sıx bağlıdır. Bəstəkar bir çox mahnılarını istedadlı Azərbaycan mahnı mətnləri müəllifi, şair Onegin Hacıqasımovla yaradıcılıq əməkdaşlığı çərçivəsində ərsəyə gətirmişdir. Zatsepin tərəfindən bəstələnmiş, həqiqətən parlaq və özünəməxsus kompozisiyalar görkəmli Azərbaycan müğənni, Xalq artisti Müslüm Maqomayevin ifasında səslənmişdir.

    Zatsepin yubileyinə həsr olunmuş konsert istedadlı bəstəkarın musiqisinə Bakı tamaşaçısının marağının bu gün də tükənmədiyini bir daha nümayiş etdirdi. Konsert bəstəkarın yaradıcılığının çoxsaylı pərəstişkarlarını bir araya gətirərək, zalda əsl anşlaq yaratdı.

    Konsertin bədii rəhbəri və aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Alyona İnyakina bəstəkarın maraqlı həyat və yaradıcılıq yolundan, onun kino sahəsindəki fəaliyyətinin özünəməxsus xüsusiyyətlərindən, eləcə də mahnılarının yaranma tarixçəsi ilə bağlı maraqlı və əyləncəli əhvalatlardan bəhs etdi. Konsertin interaktiv formatı tamaşaçılara da tədbirdə fəal iştirak etmək imkanı yaratdı.

    İfaçıların – beynəlxalq müsabiqələr laureatlarının sevilən səslərində əfsanəvi melodiyalar yenidən canlandı. Onları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti Ruslan Persan, Aminat Əhmədova, Nərgiz Məmmədova, eləcə də yeni yaradılmış “Asonaria” musiqi qrupu (Bakı Musiqi Akademiyasının tələbələri Amin Heydərov, Ziya Əlişov Yusifli, Rüfət Məmmədov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Səidə Allahverdiyeva) təqdim etdilər. Gənc musiqi kollektivinin ifasında tanış melodiyalar yeni, müasir səslənmə və fərqli interpretasiyada tamaşaçılara təqdim olundu. Konsert çərçivəsində ilk dəfə böyük səhnədə çıxış edən “Asonaria”  musiqi kollektivinin təqdimatı da baş tutdu.

    İşıqlı nostalji ovqatına və zamanın sınağından çıxaraq öz təravətini qoruyan estrada klassikasının coşqun enerjisinə qapılan zalda əyləşən tamaşaçılar ifa olunan bütün hitləri, istisnasız olaraq, sənətçilərlə birlikdə böyük həvəslə səsləndirirdilər.