21 oktyabr 2026-cı il
Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına xorun “İki bəstəkarın musiqi dünyası” adlı konserti keçib.
Nazim Əliverdibəyovun 100, Məmməd Quliyevin isə 90 illik yubileylərinə həsr olunan gecə iki görkəmli sənətkarın irsinə dönmək, onların musiqi mədəniyyətimizdəki yerini bir daha dəyərləndirmək imkanı yaradıb.Təranə Yusifovanın bədii rəhbərliyi və dirijorluğu ilə təqdim olunan proqramda bəstəkarların müxtəlif əsərləri, o cümlədən xalq musiqi nümunələri işləmələri səsləndirilib. Xoru pianoda Əməkdar artist Nərgiz Əliyeva və Cəmilə Musayev müşayiət ediblər. Bakı Musiqi Akademiyasının II kurs tələbəsi Ertoğrul Balayev Məmməd Quliyevin fortepiano pyesini ifa edib.
Gecədə çıxış edən Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının müdiri, professor Zümrüd Dadaşzadə hər iki sənətkarı bəstəkar, pedaqoq və şəxsiyyət kimi səciyyələndirib. Nazim Əliverdibəyovun Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru kimi uzunillik fəaliyyəti, Azərbaycan Dövlət Konservatoriyasında Azərbaycan xalq musiqisinin əsaslarını tədris etməsi, Üzeyir Hacıbəylinin operalarının redaktəsi sahəsində gördüyü böyük iş vurğulanıb. Yaradıcılığında bir sıra ilklərə imza atmış Məmməd Quliyevin yeddi simfoniyasından, milli opera sənətimizə yeni ifadə imkanları gətirən “Aldanmış ulduzlar” operasından söz açılıb.
İki bəstəkarın yaradıcılığını bir proqramda təqdim etmək onların sənəti arasındakı önəmli təmas nöqtəsini də üzə çıxarıb: milli musiqiyə dərin bağlılığı. Hər biri bu qaynaqdan özünəməxsus şəkildə bəhrələnib, ənənəni fərdi yaradıcılıq axtarışları ilə zənginləşdirib.
Belə konsertlər sənətkarların yubileylərini mədəni həyatımızın canlı hadisəsinə çevirir, onların musiqisinin bu gün də dinləniliməsi və sevilməsinə xidmət edir. Çünki unutsaq, unudularıq.

