15 oktyabr 2026-cı il
15 oktyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında Qazaxıstanın Kurmanqazı adına Qazax Milli Konservatoriyasının magistr tələbələrinin iştirakı ilə konsert proqramı keçirildi.
Musiqi sənətinin beynəlxalq əlaqələrini və mədəni əməkdaşlığı təşviq edən konsertdə gənc ifaçılar öz istedad və ifaçılıq bacarıqlarını nümayiş etdiriblər. Proqramda Kurmanqazı adına Qazax Milli Konservatoriyasının nümayəndələri — Şakerimova Toğjan, Daniyar Aytkucjinov, Şıngıs Nurgaliulı və Esenbayeva Miryam çıxış ediblər.
Müxtəlif musiqi ənənələrini bir araya gətirən bu görüş Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, gənc musiqiçilərin yaradıcılıq təcrübəsinin zənginləşdirilməsi və beynəlxalq musiqi mübadiləsinin inkişafı baxımından əhəmiyyət daşıyıb.
Belə tədbirlər musiqinin birləşdirici gücünü nümayiş etdirməklə yanaşı, müxtəlif ölkələrin gənc ifaçıları arasında sənət və dostluq körpülərinin qurulmasına xidmət edir.
Bədii hissədən sonra BMA-nın Tədris İşləri üzrə prorektoru, professor Nərminə Quliyeva, Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, BMA-nın elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Elmi katib, Əməkdar müəllim, professor Leyla Məmmədova, Əlavə Təhsil şöbəsinin müdiri, dosent Nərgiz Hüseynova, Əməkdar müəllim, professor Hökumə Əliyeva və Əlavə Təhsil şöbəsinin əməkdaşı Firudin Əliyev tələbələrə sertifikatlar təqdim edib, gənc musiqiçilərə uğurlar arzu etdilər.
Sonda gənc musiqiçilər Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli başda olmaqla, bütün professor müəllim heyətinə böyük diqqət və qayğı üçün dərin təşəkkürlərini bildirdilər.





