23 iyun 2026-cı il
Tərlan Seyidov adına Uşaq Opera Teatrının “Sehrli lampa və iki dünya” tamaşası
Tədris ilinin son günləri olmasına baxmayaraq Tərlan Seyidovun adını daşıyan Uşaq Opera Teatrı və onun bədii rəhbəri Ü.Hacıbəyli adına BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədovanın təşəbbüsü və təşkilatçılığı ilə “Sehrli lampa və iki dünya” adlı yeni tamaşanın səhnələşdirilməsi böyük sevincə səbəb oldu. Belə ki, 2026-cı il 23 iyun tarixində premyerası baş tutan bu tamaşa bir sıra maraqlı məqamları, özəllikləri ilə yaddaşlarda qaldı.
Əsası mərhum professor Tərlan Seyidov tərəfindən qoyulan Teatr bir sıra uğurları ilə yeni addımlara imza ataraq çağdaş dövrümüzdə də öz yüksək fəaliyyətini davam etdirir. Bu günə qədər teatrda çox saylı musiqili tamaşalar – “İsgəndər və çoban” (Soltan Hacıbəyov), “Biri varmış, biri yox...” (Sevda İbrahimova), “Cəmilənin albomu” (Tofiq Quliyev), “Bremen musiqiçiləri” (Gennadi Qladkov), “Günəşin musiqi dəftəri” (Cavanşir Quliyev) və s. səhnələşdirilmişdir. Teatr uşaqların ən sevimli və maraqlı layihələrin həyata keçməsində böyük rol oynayır. Xüsusilə bu işin ərsəyə gəlməsində Sevda xanımın yorulmaz əməyini, gərgin iş rejimi olmasına baxmayaraq teatrın fəaliyyətini daim diqqət mərkəzində saxlamasını, musiqi məktəbinin şagirdlərinin buraya cəlb olunmasını qeyd etməliyik. Çünki məhz onun sayəsində biz bir-birindən gözəl, maraqlı, məzmunlu və uşaqların zövqünü oxşayan layihələr ilə tanış oluruq. Bu tamaşaların hər birində Sevda xanım ilə yanaşı məktəbin əvəzolunmaz əməkdaşları – tədris işləri üzrə direktor müavini Nərminə Əliverdi-zadə, elmi-metodiki işlər üzrə direktor müavini, səntəşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva, vokal ixtisası üzrə müəllim Ofeliya Axundova, baş metodist Natəvan Fərzəliyeva, metodist Fidan Lazımova, elmi işçilər Şəfəq Hacıyeva, Günay Məhyəddinli, Ləman Əsədova və başqaları uşaqlara olan böyük sevgi və fərəhlə köməklik edib onların sevincinə sevinc qatırlar. Lakin deyilənlər ilə bahəm teatr tamaşalarının ərsəyə gəlməsində tamaşanın quruluşçu rejissorunun da adını xüsusilə çəkməliyik. “Sehrli lampa və iki dünya” adlı tamaşanın quruluşçu rejissoru Məzahir Həşimov idi. O, uşaqların tam şəkildə hazır olmaları üçün tamaşanın premyerasına qədər hər gün bir neçə saat ərzində məşqlər keçirərək bu çətin missiyanı ərsəyə gətirdi. Maraqlıdır ki, məşqlərin saatlarla keçməsinə baxmayaraq bütün şagirdlər çox böyük ruh yüksəkliyi və maraqla iştirak edib, özlərini tamaşanın əsas qəhrəmanı hiss edirdilər. Burada hər bir şagirdin individuallığına xüsusi diqqət yetirmək, hər uşağın mükəmməl alınan tərəflərini üzə çıxartmaq və onu inkişaf etdirmək vacib məqamlardan sayılır. Bu isə Məzahir müəllimin əməyi və öz peşəsinə olan böyük sevgisinin göstəricisidir.
Şübhəsiz ki, bu cür tədbirlər şagirdlərin zövqünün formalaşmasında, dünyagörüşünün zənginləşməsində və musiqili teatra marağının artmasında mühüm rol oynayır. Ən əsası isə, bu fəaliyyət növü onların gizli qalan yaradıcı potensialını üzə çıxarır və gələcəkdə daha böyük hədəflərə çatması üçün güclü stimul yaradır.
“Sehrli lampa və iki dünya” tamaşası dünya uşaq ədəbiyyatının ən məşhur nümunələrindən biri olan və “Min bir gecə” Şərqin nağıllar silsiləsinə daxil edilən “Ələddin və sehrli çıraq” əsasında qurulmuşdur. Nağılın əsas xəttini xeyirxahlıq, dürüstlük, sehr və ağılın köməyi ilə çətinliklərə qalib gəlmək mövzusu təşkil edir. Bu fikirlər tamaşanın sonunda səslənən Final xorunda da aydın şəkildə təqdim olunur.
Dostluq qalib gəldi yenə,
Qaranlıq yox oldu bu gün.
Cəsarət və yaxşı ürək
Hər zaman qalibdir bilin.
İki dünya birləşəndə
Sehrli olur həyat.
Nağıllar bitməz heç vaxt
Ümid varsa hər zaman!
Tamaşanın özəlliyi onunla bağlı idi ki, burada klassik “Ələddin” nağılını XXI əsrin texnoloji reallığı ilə birləşərək, müasir gənclərin qədim nağıllar aləminə düşməsindən bəhs edilir. Rəngarəng obrazlar və musiqili nömrələrlə zəngin olan əsər, zamanın fövqündən asılı olmayaraq dostluq və həmrəylik kimi ali dəyərlərin dəyişməzliyini vurğulayır. İki fərqli zamanın – keçmiş və müasir Ələddin və Jasmin obrazlarının qarşılaşması, Vəzirin hiyləgər planları ilə zəngin olan bu libretto, sevginin və cəsarətin zaman tanımadığını nümayiş etdirir. Tamaşada deyildiyi kimi:
İki fərqli dünya,
İki fərqli yol.
Amma dostluq varsa
Bir olar bu yol.
Belə ki, dostların cəsarəti sayəsində Vəzirin pis niyyətləri həyata keçməyərək, xeyirin qələbəsi ilə tamaşa başa çatır. Dostluğun və birliyin gücünü vurğulayan möhtəşəm final mahnısı, nağılların hər zaman ümidlə yaşadığı fikri tamaşaçılara çatdırır. Bu təntənəli kulminasiya səhnəsi, şər qüvvələrin sevgi və birlik qarşısında acizliyini nümayiş etdirərək uşaqları da xeyir işlər ilə bütün çətinliklərə sinə gərməsi ideyasını aşılayır.
Bu çətin və məsuliyyətli işi böyük məhəbbətlə ərsəyə gətirən, səhnədə canlandırdıqları obrazlara yeni nəfəs verən gənc istedadlarımızı əziz oxucularımıza tanıtmaq istərdik: Aysel, Elşad, Mikayıl, Uğur, Rauf, Leyla, Cəmilə, Həcər, Ulduzə, Sara, Məryəm, Mehdi, Sünbül, Gülay və Nilufər. Bu 15 parlaq şagirdin hər biri öz daxili enerjisi və aktyorluq məharəti ilə əsərin əsl qəhrəmanına çevrilməyi bacarmışlar. Əsərin məzmun zənginliyi və canlı ifa zamanı yaşanan maraqlı anlar tamaşaçıları saf qəlbli uşaqların sehrli dünyasına apardı.
Beləliklə, bu musiqili teatr şagirdlərə təkcə əyləncəli bir nağıl dünyasını bəxş etmir, eyni zamanda onlarda çətin məqamlarda həmrəyliyin, dostluğa sədaqətin və cəsarətin mühüm mənəvi dəyərlər olduğunu aşılayır. Ümid edirik ki, tamaşanın işıqlı sonluğu, gənc iştirakçıların və dinləyici auditoriyasının yaddaşında dərin iz qoyaraq, onların daxili dünyasını zənginləşdirəcək, ümid və arzularını daha da artıracaqdır.
Sənətşünüaslıq üzrə elmlər doktoru, dosent
Leyla Zöhrabova