5 iyun 2026-cı il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Simli alətlər kafedrasının baş müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi İlhamə Ağayevanın “Klassik violin musiqisi” adlı konserti keçirilmişdir.
Konsertin aparıcısı Ləman Əhədova çıxışında İlhamə Ağayevanın çoxillik pedaqoji və ifaçılıq fəaliyyətinin əsas istiqamətləri, Azərbaycan violin ifaçılıq məktəbinin inkişafındakı mühüm xidmətləri, yetişdirdiyi istedadlı musiqiçilər, eləcə də sənətə sonsuz məhəbbəti haqqında ətraflı məlumat vermişdir.
Konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının solo və kamera ansamblı üçün yazılmış əsərləri respublika və beynəlxalq müsabiqələr laureatları olan Bakı Musiqi Akademiyasının I tədris ili tələbəsi Maqsud Cəfərli, II tədris ili tələbəsi Səidə Əhmədova, IV tədris ili tələbəsi Ləman İsmayılova, həmçinin Bakı Musiqi Akademiyasının məzunu, Azərbaycan Dövlət Simfonik Orkestrinin artisti Aytac Rzayeva yüksək peşəkarlıqla ifa etmişlər. Gənc musiqiçiləri pianoçular Arzu Səfərova, Zöhrə Salamova və Züleyxa Usubova məharətlə müşayiət etmişlər.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti, Bakı şəhərinin incəsənət və musiqi məktəblərinin direktorları, musiqi ictimaiyyətinin nümayəndələri və sənətsevərlər iştirak etmişlər.
Konsertin sonunda “Dədə Qorqud” Fondu və “Azərbaycan Dünyası” beynəlxalq jurnalının İdarə Heyətinin qərarına əsasən, musiqi təhsilinin inkişafına, gənc istedadların üzə çıxarılmasına və milli musiqi irsinin təbliğinə verdiyi mühüm töhfələrə görə İlhamə Ağayeva “Dünyaya Sülh Naminə” Türk Dünyasının ali mükafatı – “Dədə Qorqud” mükafatı ilə təltif edilmişdir. Mükafatı “Dədə Qorqud” Fondunun prezidenti, ictimai xadim Eldar İsmayıl təqdim etmişdir.
Konsertdə səsləndirilən əsərlər və gənc musiqiçilərin yüksək səviyyəli ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmış, sürəkli alqışlarla müşayiət olunmuşdur. Tədbir Azərbaycan violin ifaçılıq məktəbinin nailiyyətlərinin nümayişi, gənc istedadların təqdimatı və klassik musiqi ənənələrinin təbliği baxımından əlamətdar mədəni hadisə kimi yadda qalmışdır.