26 may 2026-cı il
26 may 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Azərbaycan Respublikasının Xalq artisti, “Nəfəs və zərb alətləri” kafedrasının müdiri, professor Yusif Axundzadənin 80 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirildi.
Musiqi ictimaiyyətinin nümayəndələrini, sənətsevərləri və tələbələri bir araya gətirən bu əlamətdar tədbir Azərbaycan musiqi mədəniyyətinə uzun illər ərzində dəyərli töhfələr vermiş görkəmli sənətkarın zəngin yaradıcılıq yoluna ehtiram nümunəsi olmuşdur.
Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəfəs və zərb alətləri orkestri çıxış etmişdir. Proqram boyunca səslənən əsərlər yüksək peşəkarlıqla təqdim olunaraq tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
Bədii rəhbər Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, dosent Rüfət Axundzadə, dirijor isə Bakı Musiqi Akademiyasının müəllimi Taleh Qəmbərov, tədbirin aparıcısı Nəzrin Məmmədova yubiley tədbirinə xüsusi ahəng və rəng qatmışdır.
Yubiley konserti həm görkəmli pedaqoq və musiqiçi Yusif Axundzadənin sənət yoluna dərin ehtiramın ifadəsi, həm də Azərbaycan musiqi ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından əlamətdar mədəni hadisə kimi yadda qalmışdır.



