29 aprel 2026-cı il
29 aprel 2026-cı il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, professor Məleykə Əhədzadənin sinif konserti yüksək sənət ovqatı ilə baş tutdu.
Musiqi axşamında gənc ifaçıların peşəkar çıxışları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində məktəb-studiyanın VIII sinif şagirdi Səid Əfəndizadə Fikrət Əmirovun “Məhəbbət rəqsi” əsərini səsləndirərək musiqinin incə lirizmini və milli ruhunu dinləyicilərə ustalıqla çatdırdı.
Daha sonra Ü.Hacıbəyli adına BMA-nın IV kurs tələbəsi Nərmin Rəfiyevanın ifasında dünya və Azərbaycan klassik musiqisinin dəyərli nümunələri təqdim olundu. Proqramda Johann Sebastian Bachın 3-cü sonatasından “Andante” və “Allegro assai”, Henri Vieuxtempsun 5 saylı violin və orkestr üçün konserti, Eugène Ysaÿenin “Mazurka a moll” əsəri, eləcə də Məmməd Mirzəyevin “Vals-skerso”su səsləndirildi.
Konsert proqramı Ü.Hacıbəyli adına BMA-nın IV kurs tələbəsi Aytən Müslümovanın çıxışı ilə davam etdi. İfaçı Johann Sebastian Bachın 1-ci partitadan “Sarabanda” və “Dubl”unu, Henri Vieuxtempsun 4 saylı violin və simfonik orkestr üçün konsertinin I və II hissələrini, Johannes Brahmsın “Skerso”sunu və Rauf Hacıyevin “Əlcəzair təranəsi” əsərini yüksək peşəkarlıqla təqdim etdi.
Gecə gənc musiqiçilərin istedadını, klassik musiqiyə bağlılığını və professor Məleykə Əhədzadənin pedaqoji fəaliyyətinin uğurlu nəticələrini bir daha nümayiş etdirdi.





