3 aprel 2026-cı il
3 aprel tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında görkəmli rus, sovet opera və kamera müğənnisi, SSRİ Xalq artisti, pedaqoq və ictimai xadim İrina Arxipovanın xatirəsinə həsr olunmuş vokal musiqisi axşamı keçirilmişdir.
Bu layihə yaradıcılıq tandemi — Azərbaycan Respublikasının Əməkdar artisti, BMA-nın Solo oxuma kafedrasının dosenti Fəridə Məmmədova və BMA-nın Konsertmeysterlik sənəti kafedrasının dosenti Yuliya Kərimova tərəfindən böyük sənətkara musiqi töhfəsi və ehtiram nişanəsi kimi düşünülmüşdür. Onun əsas prinsipi “ənənələri qorumaq və opera gəncliyini yetişdirmək” olmuşdur. Bu prinsipə sadiq qalaraq, İrina Arxipova Azərbaycanda bu sahənin inkişafına böyük töhfə vermiş, Bülbül adına Beynəlxalq vokalçılar müsabiqəsinin təsis olunduğu gündən etibarən 10 il ərzində münsiflər heyətinə fasiləsiz rəhbərlik etmişdir.
Konsertin aparıcısı — sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın Musiqi nəzəriyyəsi kafedrasının baş müəllimi Alyona İnyakina İrina Konstantinovnanın müğənni, pedaqoq və ictimai xadim kimi tarixi rolundan və şəxsiyyətinin dünya miqyasından bəhs etmiş, onun Azərbaycan musiqi mədəniyyəti ilə sıx əlaqələrini və ölkəmizdə akademik vokal sənətinin inkişafına verdiyi mühüm töhfəni xüsusi vurğulamışdır.
Musiqi axşamının konsert proqramında böyük müğənninin repertuarına daxil olan müxtəlif dövrlərə aid rus bəstəkarlarının əsərləri səsləndirilmişdir. Bunlar Mixail Qlinka, Anton Rubinşteyn, Aleksandr Borodin, Pyotr Çaykovski, Modest Musorqski, Nikolay Metner və Yuriy Şaporinin romansları idi.
Tədbir tam anşlaqla keçmişdir. Musiqi axşamının fəxri qonaqları sırasında Azərbaycan Respublikasındakı Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov, Azərbaycan Respublikasının Xalq artistləri — Yeganə Axundova, Yusif Axundzadə və Fəxrəddin Kərimov yer almışdır. Sənətkarların hər çıxışı tamaşaçıların gur alqışları ilə müşayiət olunmuşdur.



