12 dekabr 2025-ci il
12 dekabr 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.
Açılış nitqi ilə çıxış edən Akademiyanın rektoru Xalq artisti, professor Fərhad Bədəlbəyli Ulu öndərlə bağlı xatirələrini bölüşüb, Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında olan xidmətlərindən söz açdı.
Mərasimdə iştirak edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Ümummilli lider Heydər Əliyevin mədəniyyət sahəsinə bağlılığından, Ulu öndərin daima mədəniyyət xadimlərinə olan diqqətindən danışdı.
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivinin, eləcə də ali təhsil müəssisələrinin rektorlarının iştirak etdiyi mərasimdə çıxışlardan sonra musiqi nömrələri səsləndirildi.
Bədii hissədə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətilə (dirijor Əməkdar artist Əyyub Quliyev) solistlər - Əməkdar artist Elvin Hoca Qəniyev (violin), Respublika və Beynəlxalq müsabiqələr laureatı Səxavət Məmmədov (tar), Əməkdar artist Sabinə Əsədova (soprano), BMA-nın tələbəsi, beynəlxalq müsabiqələr laureatı Aysun Mahmudzadə (soprano) ifa etdilər.
Konsert proqramında Fikrət Əmirovun “Nizami” simfoniyası ( III hissə), Anton Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Yay”, Azər Rzayevin “Düşüncə”, Vasif Adıgözəlovun “Qərənfil”, Yan Sibeliusun “Qəmgin vals”, Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”, Fərhad Bədəlbəylinin “İki qadının duası”, Valentin Silvestrovun “Gecə serenadası”, Con Uilyamsın “Şindlerin siyahısı” əsərləri səsləndirildi.