• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 oktyabr  2025-ci il 

    BMA-nın Məktəb-studiyası şagirdlərinin konserti

    31 oktyabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın İxtisas musiqi məktəb-studiyası şagirdlərinin Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konserti keçirildi.

    45 illik yubileyini qeyd etdiyimiz musiqi tədris ocağının yaradıcısı, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovun xidmətləri xüsusi önəm daşıyır. Onun tərəfindən əsası qoyulan və 1980-ci ildən bu günədək fəaliyyət göstərən Məktəb-studiya hər zaman öz unikal ideya və layihələri ilə fərqlənir. T.Seyidovun ənənələrini hal-hazırda İxtisas musiqi məktəb-studiyasının direktoru, dosent Sevda Məmmədova uğurla davam etdirir. Sözügedən tədbir və bu il ardıcıl olaraq nəzərdə tutulan iki müsabiqə bilavasitə bunun əyani sübutudur.

    Konserti müəssisənin böyük elmi işçisi, musiqişünas Şəfəq Hacıyeva açdı. O, tədbir iştirakçılarını salamlayaraq çıxışında qeyd etdi ki, ötən tədris ili ərzində məktəbdaxili “Azərbaycan və xarici musiqi nümunələrinin solmizasiya” adlı müsabiqə uğurla həyata keçirilmiş, bu tədris ili boyunca isə Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş bir sıra müxtəlif  layihələr və tədbirlər təşkil olunmaqdadır.

    Konsertdə Məktəb-studiyanın şagirdlərinin ifasında Azərbaycan və xarici bəstəkarlarının əsərləri səsləndirildi. Şagirdlər müxtəlif musiqi alətlərində ifa edərək, maraqlı və məzmunlu musiqi nömrələrini təqdim etdilər, eyni zamanda ifa bacarıqlarını və musiqi hazırlıqlarını nümayiş etdirdilər. Tədbirdə pianoçular – Hüseyn Quliyev (Əməkdar müəllim Kamilla Əmirovanın sinfi), Araş Seyfpur, Məryəm Axundzadə (Əməkdar müəllim dos. Mədinə Tuayevanın sinfi), Aişə Əliyeva (müəllim – dos. Sevda Məmmədova), violin ifaçıları – Yusuf Məmmədli (müəllim – dos. Gülnarə Quliyeva), Humay Kəlpizadə, Şəhla Qazıyeva (müəllim – Arzu Rzayeva), fleytada – Cəmilə Yolçuzadə, Leyla Yolçuzadə (müəllim – Rəşad Abdullayev), saksofonda – İsa Kələntərov (Əməkdar mədəniyyət işçisi Zaman Həsənovun sinfi), vibrafonda – Miraqil Mirzəzadə (müəllim – Firuz Hüseynov), trombonda – Rəvan Məmmədov (Əməkdar artist, dos. Vladislav Kuznetsovun sinfi) və birləşmiş xor (rəhbər – Əməkdar müəllim, dos. Aqil Qafulov) iştirak etdilər.

    İlk olaraq, baş müəllim Arzu Rzayevanın sinifində təhsil alan 2-ci sinif şagirdi Humay Kəlpizadənin ifasında Ezra Cenkinsonun Violin və fortepiano üçün “Rəqs” əsəri səsləndi.

    Konsertin proqramı olduqca rəngarəng idi. Hər bir çıxış öz bədii ifadəsi və peşəkarlıq səviyyəsi ilə fərqlənirdi. Piano ifaçılarının zərif melodiyaları dinləyicilərdə dərin təəssürat yaratdı. Xüsusilə Aişə Əliyevanın ifasında Əziz Əzizovun fortepiano üçün “Prelüd № 5”, Araş Seyfpurun ifasında Herman Vollenqauptun fortepiano üçün “Pyes-Etüd op. 22 № 3” və Məryəm Axundzadənin ifasında Herman Vollenqauptun fortepiano üçün “Pyes-Etud op. 22 № 1” əsərlərlə səhnədə həm texniki bacarıqlarını nümayiş etdilər, həm musiqinin incə duyğularını auditoriyaya ustalıqla çatdırdılar.

    Konsertin diqqətçəkən məqamlarından biri violin ifaçıları Yusuf Məmmədli (Fris Kreysler – “Kiçik Vyanna marşı”), Şəhla Qazıyeva (Pyotr Çaykovski – “Skertso”) və piano ifaçısı Hüseyn Quliyevin (Musa Mirzəyev – “Marş”) çıxışları oldu. Onlar peşəkarlıqla, səhnə mədəniyyətinə uyğun və inandırıcı ifaları ilə konsertdə uğurlu çıxış nümayiş etdirdilər.

    Proqramın digər nömrələri də konsertin bədii bütövlüyünü tamamladı. Fleyta ifaçıları –  Cəmilə Yolçuzadə (Fikrət Əmirov – “Noktürn”) və Leyla Yolçuzadənin (Fikrət Əmirov – “Lay-lay”) çıxışları Fikrət Əmirov musiqisinin poetik ruhunu canlandıraraq dinləyicilərin qəlbində xoş təəssüratlar yaratdı.

    10-cu sinif şagirdi İsa Kələntərovun saksofonda ifa etdiyi Tofiq Quliyevin “Sevgilim” əsəri isə konsertə dinamiklik və ritmik enerji gətirdi.

    Miraqil Mirzəzadə vibrafonda Qara Qarayevin “Yeddi gözəl” əsərini səsləndirərək konsertin musiqi palitrasına orijinal bir təravət gətirdi. Trombon ifaçısı Rəvan Məmmədov Yozef Mateyin “Tokkata” əsərini dolğun və ifadəli şəkildə təqdim etdi.

    Sonda Məktəb-studiyanın birləşmiş xoru çıxış etdi. Gənc ifaçıların səmimi və ahəngdar səslənən xor ifası tədbirə xüsusi ruh və bayram ovqatı qatdı. Xorun çıxışı tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılandı.

    Konsert boyunca səhnəyə çıxan hər bir şagird öz ifası ilə həm müəllimlərinin əməyinə, həm də məktəbin 45 illik zəngin ənənəsinə hörmət və sadiqlik nümayiş etdirdi. Onların ifalarında həm öyrəndikləri biliklərin dərinliyi, həm də musiqiyə olan sevgiləri hiss olunurdu.

    Beləliklə, növbəti dəfə keçirilən konsert bir daha göstərdi ki, Məktəb-studiya təkcə musiqi təhsili verən bir ocaq deyil, həm də gənc istedadların yaradıcılıq potensialını üzə çıxaran, sənətə sevgi və məsuliyyət aşılayan bir mərkəzdir. Gənc ifaçıların səhnədə göstərdikləri uğurlar onların musiqi dünyasına doğru atdıqları inamlı addımların təntənəsi idi.

    Ləman Əsədova

    Üzeyir Hacıbəyli adına BMA-nın

    İxtisas musiqi məktəb-studiyasının

    kiçik elmi işçisi, musiqişünas