23 sentyabr 2025-ci il
“Dostluq” konserti festival tamaşaçılarını bir araya gətirdi.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində 23 sentyabr 2025-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında möhtəşəm “Dostluq” konserti baş tutub.
Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayevin idarəsində təqdim olunan proqram dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Gecənin solisti Xalq artisti, professor Yeganə Axundova əsrarəngiz ifası ilə çıxış edərək, dinləyicilərə əsl musiqi ziyafəti təqdim etdi.
Konsertin digər solisti Türkiyədən dəvət olunmuş tar ifaçısı Emre Eryılmazın çıxışları da alqışlarla müşayiət olundu. Tamaşaçılar Azərbaycan və türk bəstəkarlarının əsərləri ilə yanaşı, klassik muğamların və xalq musiqisinin orijinal işləmələrini dinlədilər.
Proqramda Üzeyir Hacıbəylinin “Çahargah fantaziyası”, Fikrət Əmirovun piano və xalq çalğı alətləri orkestri üçün konserti, eləcə də Orkun Zafer Özgelenin, Oğuzhan Balçının, Vasif Adıgözəlovun, Azər Rzayevin və digər müəlliflərin əsərləri səsləndirildi.
Konsert həm milli musiqi irsinin təbliği, həm də Azərbaycan və Türkiyə musiqi mədəniyyətlərinin dostluq körpüsünü daha da möhkəmləndirməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.
Festival çərçivəsində təqdim olunan bu musiqi axşamı tamaşaçılara unudulmaz anlar bəxş edib və dinləyicilərin alqışları ilə yadda qalıb.